Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir A.Tağıyeva/
2010-cu ilin sonuna qədər Türkiyənin müdafiə sənayesi məhsullarının ixrac həcmi 1 milyard dollara çatıb. 2002-ci ildə isə bu rəqəm 247 milyon dollar təşkil edib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə nəqliyyat naziri Binəli Yıldırım deyib.
"3-4 il ərzində Türkiyə bu rəqəmi 5 milyarda çatdırmağı planlaşdırır", - nazir deyib.
Onun sözlərinə görə, yaxın zamanda Türkiyə pilotsuz uçuş aparatlarının istehsalı üzrə ABŞ və İsraildən sonra dünyada üçüncü yeri tutacaq.
"Türkiyədə hərbi istehsalat yaxşı inkişaf edib. Türkiyə özünün ilk ANKA pilotsuz təyyarəsini yaradıb. Bu, ölkənin hərbi istehsalatının imkanlarından xəbər verir", - nazir bildirib.
Yıldırımın sözlərinə görə, Türkiyə özünün "Altay" tankının və "Atak" hərbi vertolyotunun istehsalına hazırlaşır. Bununla da, nazirin sözlərinə görə, yaxında Türkiyə hərbi texnikanın idxalını aşağı salacaq.
"Türkiyədə F-16 tipli hərbi təyyarələrin modernləşdirilməsi üzrə mərkəz də yaradılacaq. Bu mərkəzdə qonşu ölkələrin bu tipli təyyarələri modernləşdiriləcək", - nazir deyib.
Onun sözlərinə görə, əgər 2002-ci ildə Türkiyə ölkənin Silahlı Qüvvələrinin tələbatını öz məhsulları hesabına 25 faiz təmin edirdisə, hazırda bu rəqəm 52 faizə çatıb.
Yıldırımın sözlərinə görə, Türkiyə müdafiə sənayesi məhsullarını Malayziya, BƏƏ, İordaniya, Koreya Respublikası və Niderlanda ixrac edir.