...

Avropa Komissiyasının vitse-prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 14 Noyabr 2011 14:24 (UTC +04:00)
Avropa Komissiyasının vitse-prezidenti, strukturda nəqliyyat məsələlərinə cavabdeh olan Siim Kalas həftəsonu Azərbaycana səfər edəcək.
Avropa Komissiyasının vitse-prezidenti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir S.Ağayeva/

Avropa Komissiyasının vitse-prezidenti, strukturda nəqliyyat məsələlərinə cavabdeh olan Siim Kalas həftəsonu Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə bazar ertəsi Aİ-nin Bakı ofisindən məlumat verilib.

Kalasın başçılıq edəcəyi nümayəndə heyətinin Bakıya noyabrın 19-da gələcəyi gözlənilir.

Ofisdən bildirilib ki, hazırda qarşıdakı səfərin proqramı hazırlanır.

Bakıya səfərdən əvvəl Kalas Gürcüstanda olacaq.

Azərbaycan Aİ-nin TRACECA (Avropa-Qafqaz-Asiya) proqramının üzvlərindən biridir.

TRACECA Aİ və Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada onun tərədaş ölkələri arasında nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramıdır. Təşkilatın Bakıda daimi katibliyi var.

Hazırda TRACECA-nın iştirakçı dövlətləri Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və İrandır.

Avropa Komissiyasının Avropa Qonşuluq ölkələri ilə nəqliyyat əlaqələrinin inkişafı və möhkəmlənməsi planında deyildiyi kimi, Aİ texniki yardım layihələri çərçivəsində də öz şəxsi təcrübəsinə əsaslanaraq qonşu ölkələrə nəqliyyat sahəsində zəruri islahatların aparılmasında kömək göstərməyə hazırdır.

Aİ Azərbaycanla interqasiyaya nail olmaq üçün Bakı ilə Avropa paytaxtları arasında daha rahat vaxtlarda və daha aşağı qiymətlərlə reyslərin həyata keçirilməsi üçün hava nəqliyyatı haqqında sazişin imzalanması imkanlarını nəzərdən keçirir.

Aİ dəmiryol sektorunda sərhəd və gömrük rəsmiləşdirilməsinin zəruri təkmilləşdirilməsi imkanlarını öyrənir. Aİ-nin avtomobil nəqliyyatı və dəniz daşımaları üçün də bu cür ideyaları var. Planda deyilir ki, bütün təşəbbüslər və ideyalar səmərəliliyin artırılmasına, "dar yerlərin" aradan qaldırılmasına yönəldilib.

Ümumilikdə, Aİ və Avropa Qonşuluğu regionunun nəqliyyat sistemlərinin birləşdirilməsi üçün aşağıdakılar təklif olunur: Transavropa nəqliyyat şəbəkəsinin ən mühüm nəqliyyat layihələri çərçivəsində qonşu ölkələrin infrastrukturu ilə birləşdirilməsi; bazarların açılması, texniki maneələrin zəiflədilməsi və gömrük prosedurlarının təkmilləşdirilməsi hesabına dəmiryolla yük daşımaları potensialından daha effektiv istifadə; "Şərq tərəfdaşlığı" nəqliyyat panelinin tətbiqi hesabına regional nəqliyyat əməkdaşlığının həyata keçirilməsi; qonşu ölkələrlə dəniz nəqliyyatının səmərəliliyinin artırılması. Habelə, qonşu ölkələrin Avropa və Avropa sərhədlərindəki "Mavi kəmər" sərbəst dəniz yerdəyişmələrinə qoşulması da təklif edilir.

AK ekspertləri hesab edirlər ki, Azərbaycan və regiondakı qonşu ölkələr nəqliyyat dəhlizində mühüm rol oynayırlar və özləri bazarda mühüm yer tuturlar. Planda bildirilir ki, Aİ nəqliyyat sahəsində prioritet layihələrin müəyyən edilməsində Azərbaycana kömək etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti