...

Azərbaycanın Perudakı səfiri etimadnaməsini ölkə Prezidentinə təqdim edib

Siyasət Materials 15 Noyabr 2011 10:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Peruda səfir təyin edilməsi ilə əlaqədar etimadnaməsini Peru Prezidenti Olyanta Umala Tassoya (Ollanta Humala Tasso) təqdim edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Görüş zamanı tərəflər Azərbaycan və Peru arasında geniş spektrdə münasibətlərin inkişafı, o cümlədən enerji sektorunda əməkdaşlıq perspektivləri, siyasi əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Səfir Muxtarov Prezident Umala Tassoya Azərbaycanın tarixi, mədəni dəyərləri, ölkəmizin iqtisadi inkişaf templəri və hazırkı potensialı barədə məlumat verib.

Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Səfir Perunun gənc diplomatları üçün Azərbaycan Diplomatik Akademiyası tərəfindən həyata keçirilən təqaüdlü təhsil proqramlarında iştirak etmək imkanının olduğunu bildirib və bu, öz növbəsində Peru Prezidentinin marağına səbəb olub. Azərbaycan səfiri, həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzü və münaqişənin həlli istiqamətində davam edən danışıqlar prosesi barədə Peru Prezidentini məlumatlandırıb.

Səfir, həmçinin etimadnamənin surətini Peru Xarici İşlər Nazirliyinin rəhbərliyinə də təqdim edib. Xarici işlər naziri Rafael Ronkaqliolo ilə görüş zamanı nazir Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi ilə əlaqədar öz təbrikini çatdıraraq, ölkələrimiz arasında siyasi əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Perunun enerji və dağ-mədən sənayesi naziri Karlos Errera Deskalzi (Carlos Herrera Descalzi) ilə görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən həyata keçirilən beynəlxalq iqtisadi layihələr çərçivəsində əməkdaşlıq və investisiya imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində səfir həmçinin Perunun mədəniyyət nazirinin müavinləri ilə görüşüb və görüşdə növbəti 2012-ci il ərzində Azərbaycan və Perunun qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi haqqında razılıq əldə edilib. Səfir, həmçinin Peru Xarici İşlər Nazirliyinin digər rəsmiləri, XİN-in Diplomatik Akademiyasının rəhbərliyi və Peru Konqresinin üzvləri ilə görüşüb. Keçirilmiş görüşlər zamanı tərəflər ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına dair bir sıra cari məsələlər və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti