...

Əli Həsənov: Azərbaycanda bəzi müxalifət partiyaları şəxsi ambisiyaların həyata keçirilməsi üçün yaradılıb

Siyasət Materials 17 Noyabr 2011 13:15 (UTC +04:00)
Azərbaycanın yenicə müstəqillik qazanmış vaxtlarında faktiki olaraq, eyni hərəkat tərkibindən çıxmış və eyni məqsədlərə xidmət etdiklərini bəyan edən ayrı-ayrı adamlar sonradan fərqli partiyalar yaratdılar.
Əli Həsənov: Azərbaycanda bəzi müxalifət partiyaları şəxsi ambisiyaların həyata keçirilməsi üçün yaradılıb

Azərbaycan, Bakı, 17 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın yenicə müstəqillik qazanmış vaxtlarında faktiki olaraq, eyni hərəkat tərkibindən çıxmış və eyni məqsədlərə xidmət etdiklərini bəyan edən ayrı-ayrı adamlar sonradan fərqli partiyalar yaratdılar. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Yəni, o zaman AXCP, Müsavat, AMİP və digər partiyaların əksəriyyəti eyni hərəkatın tərkibindən çıxmış, eyni məqsədə xidmət etmiş ayrı-ayrı insanların şəxsi ambisiyalarının həyata keçirilməsi üçün yaradıldı", - Həsənov bildirib.

Onun sözlərinə görə, bunların Azərbaycan dövlətinin gələcək inkişafı ilə bağlı fərqli fikirləri özündə ehtiva edən proqramları mövcud deyildi. "Hamısı eyni ideyaya xidmət edirdilər, lakin ayrı-ayrı düşərgələrə parçalanmışdılar. Məhz həmin partiyalar da məqsədi və məramı bəlli olmayan fəaliyyətlərlə məşğul olurdular", - PA rəsmisi qeyd edib.

Həsənov hesab edir ki, onlar qanun çərçivəsində, demokratik dəyərələrə aid sivil mübarizə metodlarından imtina edərək, qeyri-qanuni vasitələrlə fəaliyyət göstərirdilər.

"Hər biri ətrafına müəyyən qədər silahlı adam toplamışdı və Azərbaycanın ayrı-ayrı yüksək ranqlı vəzifələrinin açarlarını tələb edirdilər. Ortaya şəxsi ambisiyalarını qoymaqla, özlərinə xüsusi şərait istəyirdilər. Silahlı dəstələrini Dağlıq Qarabağda düşmənlə mübarizəyə istiqamətləndirmək əvəzinə, hakimiyyət uğrunda savaşlara cəlb edirdilər", - PA-nın şöbə müdiri deyib.

Həsənov qeyd edib ki, Azərbaycanda müstəqilliyin ilk illərində baş vermiş vətəndaş qarşıdurmalarının və müxtəlif sahələrdə ortaya çıxmış uğursuzluqların səbəbləri elə bunlar idi.

Xəbər lenti

Xəbər lenti