Azərbaycan, Bakı, 21 noyabr /Trend/
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Trend-in məlumatına görə, Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsindən danışan Əsədov bildirib ki, əlaqələrimiz bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir və bu əlaqələr digər dövlətlər üçün nümunədir. Bu günədək ölkələrimiz arasında 170-ə qədər hüquqi sənəd imzalanıb. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə imzalayıblar. Bu bizim münasibətlərimizin ən yüksək səviyyədə olduğunun nümunəsidir.
Sədr parlamentlərarası əlaqələrimizin səviyyəsindən razılığını ifadə edərək, deputatlarımızın beynəlxalq təşkilatlardakı birgə, faydalı əməkdaşlığını təqdirəlayiq hesab edib.
Azərbaycanın bugünkü inkişafını yüksək qiymətləndirən Volkan Bozkır Dağlıq Qarabağ münaqişəsindən söz açaraq bildirib ki, münaqişə həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Bununla yanaşı, Sürix protokolları da Türkiyə Böyük Millət Məclisinin Beyvəlxalq əlaqələr komitəsində müzakirəyə çıxarılmayacaq.
Görüşdə TBMM-nin komitə sədri Van vilayətində baş vermiş zəlzələdən əziyyət çəkənlərə göstərilən diqqət və qayğıya görə, bir daha Azərbaycan xalqına və dövlətinə minnətdarlığını bildirib.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq, terrorizmə qarşı mübarizə və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, TürkPA-nın baş katibi Ramil Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.