...

Elmar Məmmədyarov Almaniyada bir sıra ikitərəfli görüşlər keçirib

Siyasət Materials 5 Dekabr 2011 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bonna səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarovun Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla görüşündə ikitərəfli münasibətlərin hazırkı durumu və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko ilə görüşən Məmmədyarov Azərbaycan və Ukrayna arasındakı ikitərəfli əlaqələr, xüsusilə də iqtisadi, investisiya, enerji sahələrində həyata keçirilən əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb. Görüşdə həmçinin GUAM təşkilatının inkişafı istiqamətində müzakirələr aparılıb.

Daha sonra nazir Elmar Məmmədyarov İrlandiyanın ticarət və inkişaf üzrə dövlət naziri xanım Yan O'Sullivanla görüşüb. Görüşdə ATƏT-ə sədrlik edəcəyi müddətdə İrlandiya ilə Azərbaycan arasında qarşılıqlı-faydalı əməkdaşlıq imkanları əsas müzakirə obyekti olub.

Məmmədyarov Portuqaliyanın xarici işlər naziri Paulo Sacadura Cabral Portasla da görüş keçirib. Portuqaliya tərəfi Azərbaycanla bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları sahələrində əməkdaşlıqda və həmçinin ölkəsinin Azərbaycana biznes missiyasının həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.

Elmar Məmmədyarov dekabr 5-də Almaniyanın Bonn şəhərində keçirilən Əfqanıstan üzrə Beynəlxalq Konfransda iştirak edib.

O, konfransda iştirakı çərçivəsində çıxışı zamanı Azərbaycanın Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması istiqamətində beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyən ilk ölkələrdən biri olduğunu vurğulayıb və bu səylərə öz töhfəsini verdiyini qeyd edib. Nazir ANAMA-nın əfqanıstanlı mütəxəssislər üçün bir sıra təlimlər keçdiyini qeyd edib. Məmmədyarov, eyni zamanda, Azərbaycanın Əfqanıstanla ikitərəfli əlaqələrə mühüm əhəmiyyət verdiyini vurğulayaraq, Əfqanıstanda sülhün və rifahın bərpası, eyni zamanda, Əfqanıstan iqtisadiyyatının inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti