...

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü münasibətilə tədbir keçirilib (FOTO)

Siyasət Materials 9 Dekabr 2011 13:28 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası cümə günü ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü münasibətilə tədbir keçirib.
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası cümə günü ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü münasibətilə tədbir keçirib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Şura sədri Azay Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışıb.

"Bu gün ulu öndər Heydər Əliyev xalq tərəfindən böyük şövqlə anılır. Çünki onun bu xalqın, bu cəmiyyətin həyatındakı rolu misilsizdir", - Quliyev deyib.

O bildirib ki, müstəqil Azərbaycanın QHT sektorunun yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Quliyev qeyd edib ki, QHT sektorunun, vətəndaş cəmiyyətinin yaradılmasında qəbul olunan əsas sənədləri məhz Heydər Əliyev imzalamışdı.

"O, 1995-ci ildə Azərbaycanda Konstitusiyası qəbul olunarkən vətəndaş cəmiyyəti məsələsini diqqətdə saxlayıb", - Quliyev deyib.

Şura sədri qeyd edib ki, 1997-ci ildə QHT-dövlət münasibətləri kövrək dövrünü yaşayıb və məhz o ərəfədə ulu öndərin ATƏT-in İstanbul sammitinə özü ilə birgə QHT nümayəndələrini aparması, sammit ərəfəsində bu mövzuya geniş yer verməsi bu problemin kökündən həll olunmasına təkan verdi. Məhz ondan sonra Azərbaycanda kütləvi QHT hərəkatı gücləndi.

Mərasimdə xalq şairi Zəlimxan Yaqubun "Əbədiyyət dastanı" poemasının Şuranın dəstəyi ilə hazırlanmış audiodiskinin təqdimatı olub. Poemadan bir parça səsləndirilib.

Milli Məclisin deputatı Fəttah Heydərov tədbirdə çıxışında bildirib ki, Heydər Əliyev bütün həyatını xalqına, torpağına həsr edən böyük şəxsiyyət olub. Onun sözlərinə görə, Zəlimxan Yaqubun poeması ulu öndərin xatirəsinə gözəl töhfədir.

"Zaman keçir amma aramızdan gedən dəyərli insanların abidəsi əbədi qalır", - o deyib.

Heydərov qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri müqayisəyəgəlməzdir.

Millət vəkili vurğulayıb ki, Heydər Əliyev Sovet İttifaqı dövründə Azərbaycanı dünyaya tanıdıb, ikinci dəfə hakimiyyətə qayıdışı zamanı isə Azərbaycan müstəqilliyinin əbədiliyinə imza atıb.

Tədbirdə çıxış edən millət vəkili Eldar İbrahimov bildirib ki, bu gün Heydər Əliyevi tək Azərbaycan yox, bütün dünya anır.

"Dünyanın nəhəng siyasətçiləri bu gün də etiraf edirlər ki, Heydər Əliyevin dünyadan getməsi beynəlxalq siyasi sistemdə ciddi boşluq yaratdı", - o deyib.

Millət vəkili Mübariz Qurbanlı tədbirdə bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin möhkəm təməli Heydər Əliyevlə bağlıdır.

O Heydər Əliyev tərəfindən təməli qoyulan siyasi kursun bu gün də İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti