...

Türkiyə qondarma "erməni soyqırımı"nın inkarına görə cəzanın yolverilməzliyi barədə Fransaya xəbərdarlıq edib

Siyasət Materials 12 Dekabr 2011 15:30 (UTC +04:00)
Türkiyənin Xarici İşlər Nazirliyi Fransanın qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət cəzasının tətbiq edilməsi haqqında qanun qəbul etmək niyyətini pisləyib.
Türkiyə qondarma "erməni soyqırımı"nın inkarına görə cəzanın yolverilməzliyi barədə Fransaya xəbərdarlıq edib

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Xarici İşlər Nazirliyi Fransanın qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət cəzasının tətbiq edilməsi haqqında qanun qəbul etmək niyyətini pisləyib. Bu barədə bazar ertəsi Trend Türkiyə XİN-in rəsmi saytına istinadən məlumat verir.

Məlumatda qeyd edilir ki, Türkiyə üçün həssas olan bu qanun layihəsi söz azadlığı prinsiplərinə ziddir.

"Türkiyə və Fransa münasibətlərinin dinamik inkişaf etdiyi dövrdə belə qanun layihəsinin qəbulu ikitərəfli münasibətlərə mənfi təsir edəcək düzəlməz səhv ola bilər. Bu məsələdə Fransanın mövqeyi obyektiv olmalı və tarixi faktları təhrif etməməlidir", - məlumatda vurğulanır.

Parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar ötən cümə axşamı Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Analoji qanun layihəsi Fransanın Milli Yığıncağı tərəfindən hələ 2006-cı il oktyabrın 12-də baxılıb və qəbul edilib, lakin bu il mayın 4-də Senatın qanunvericilik komissiyası tərəfindən qəbuledilməz hesab edilərək geri qaytarılıb.

Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi altında bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırımı" tanıyıblar.

Xəbər lenti

Xəbər lenti