İlk xəbər saat 15:06-da yayılıb
Azərbaycan, Bakı, 24 dekabr / Trend /
Dekabrın 24-də Rusiya Federasiyasının Baş naziri Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Trend-in məlumatına görə, Vladimir Putin Prezident İlham Əliyevi anadan olmasının 50 illiyi münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Dövlətimizin başçısı təbrikə və diqqətə görə Vladimir Putinə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Dekabrın 24-də Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Viktor Yanukoviç dövlətimizin başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Dövlətimizin başçısı təbrikə və diqqətə görə Viktor Yanukoviçə minnətdarlığını bildirib.
Prezidentlər Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə uğurla inkişaf edən əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.
Dekabrın 24-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Mixeil Saakaşvili Prezident İlham Əliyevə anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb, ona dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
Dövlətimizin başçısı təbrikə və diqqətə görə Mixeil Saakaşviliyə minnətdarlığını bildirib.
Prezidentlər Azərbaycanla Gürcüstan arasında əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əmin olduqlarını vurğulayıblar.
Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
"Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm! Sizin rəhbərliyiniz altında öz sanballı iqtisadi potensialının reallaşdırılmasında nəzərəçarpacaq uğurlar qazanmış Azərbaycan ciddi sosial dəyişikliklər həyata keçirir, bənzərsiz mədəniyyətini və milli ənənələri qayğı ilə qoruyub saxlayır. Dövlətin qarşısında duran məsələlərin səmərəli həlli, respublikanın beynəlxalq aləmdə nüfuzunun ardıcıl möhkəmlənməsi Sizə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim reputasiyası qazandırmışdır. Aramızda yaranmış səmimi şəxsi münasibətləri yüksək qiymətləndirirəm. Bizim konstruktiv səmimiyyət şəraitində keçən müntəzəm təmaslarımız, dinamik inkişaf edən ticari-iqtisadi münasibətlər, mədəni-humanitar mübadilələr, səmərəli regionlararası əlaqələr Rusiya-Azərbaycan strateji tərəfdaşlığının genişlənməsinin mühüm amilləridir", - məktubda deyilir.
Medvedev məktubunda bildirib ki, hər iki tərəfin çoxsahəli ikitərəfli əməkdaşlığı hərtərəfli möhkəmlətmək əzmi sayəsində dövlətlərarası qarşılıqlı əlaqələrin geniş palitrası ilbəil yeni genişmiqyaslı layihələr və təşəbbüslərlə zənginləşir.
"Əminəm ki, çoxəsrlik mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri birgə səylərimiz sayəsində bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir. Bu, ölkələrimizin vətəndaşlarının mənafelərinə, Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi vəzifələrinə tam cavab verir. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağılığı arzulayır və dost Azərbaycan xalqı naminə yeni uğurlar diləyirəm. Sizə və yaxınlarınıza xoşbəxtlik, firavanlıq və uğurlar", - Rusiya Prezidentinin təbrik məktubunda deyilir.
Rusiya Federasiyasının Baş naziri Vladimir Putin də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Anadan olmağınızın 50 illliyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycan Respublikasının rəhbəri kimi məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Azərbaycan dövlətinin inkişafının sosial-iqtisadi, mədəni sahələrdə sanballı uğurlar qazanılması və beynəlxalq mövqeyinin möhkəmlənməsi ilə əlamətdar olan ən mühüm dövrü bilavasitə Sizin adınızla bağlıdır. Siz öz xalqınızın əsl lideri, onun amal və istəklərinin ifadəçisisiniz. Sizin həm ölkədə, həm də onun hüdudlarından kənarda yüksək siyasi nüfuzunuz şəksizdir.
Səmərəli Rusiya-Azərbaycan əməkdaşlığının inkişafına Sizin şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Sizin yaradıcı səyləriniz sayəsində ölkələrimizin tərəfdaşlığı durmadan genişlənir, keyfiyyətcə yeni səviyyəyə çıxır.
Sizinlə ünsiyyətdə olmaq mənə həmişə böyük məmnunluq bəxş edir. Əminəm ki, bizim çoxlu görüşlərimiz və əlaqələrimiz olacaq, onların gedişində biz dost Rusiya və Azərbaycan xalqlarının mənafeyi naminə birgə konstruktiv işimizi davam etdirəcəyik", - Putinin təbrik məktubunda deyilir.
Fransa Prezidenti Nikola Sarkozi Azərbaycan dövlətinin başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
"Mən 50 illik yubileyiniz münasibətilə Sizə şəxsi səadət arzularımı çatdırıram. Bu arzuları, eyni zamanda, Sizin həyat yoldaşınıza və mənim oktyabrın 7-də Bakıya rəsmi səfərim zamanı qonaqpərvərliyindən və işgüzarlığından məmnun qaldığım Azərbaycan xalqına da aid edirəm. Sizin və xanım Əliyevanın məni qarşılamağınızdan ən gözəl xatirələrim qalıb. Bizim aramızda olan şəxsi münasibətlər Azərbaycan və Fransa arasında qurmaq istədiyimiz xüsusi əlaqələr üçün çox qiymətli amildir. Biz regional stabillik, Avropanın enerji sahəsində gələcəyi, cəmiyyətdə dinlərin tutduğu yer və əlbəttə ki, sülh yolu ilə həll edilməsi hər iki tərəf üçün çox əhəmiyyətli olan və Fransanın da tamamilə bu prosesə qatıldığı Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi apardıq. Biz bütün bu mövzular üzrə ümumi razılıq əldə etdik və mən istərdim ki, bu mövzular bizim ölkələr arasında strateji əməkdaşlıq haqqında razılaşma üçün müzakirələrin başlanğıcı olsun və bu proses bizim diplomatlar tərəfindən davam etdirilsin. Sizin diplomatiyanızın uğuru olan və bu münasibətlə Sizi təbrik etdiyim Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında növbəti iki il ərzində yer alması faktı çoxşaxəli siyasətin bütün mövzuları üzrə bizim aramızda əlaqələrin çoxsahəli və intensiv olması imkanı yaratmalıdır. Sizi inandırıram ki, Fransa tam səmimi olaraq hər dəfə münasib bildiyiniz zaman Sizinlə öz təcrübəsini paylaşmaq üçün əlindən gələni edəcəkdir.
Bakıda tikiləcək fransız liseyinin ilk təməl daşını qoymaqla, biz rəmzi olaraq Fransa-Azərbaycan ikitərəfli münasibətlərini möhkəm bünövrə üzərində qurduq və buna görə Sizə təşəkkür edirəm.
Cənab Prezident, əziz İlham, yubileyinizin Sizin və yaxınlarınız üçün ailə səadəti, ölkəniz üçün isə uğur və çiçəklənmənin sinonimi olmasını arzulayaraq, Sizə ən dərin dostluq hörmətimi bildirirəm", - Sarkozinin təbrik məktubunda deyilir.
Türkiyə Prezidenti Abdullah Gül də Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Abdullah Gül dövlətimizin başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Dövlətimizin başçısı təbrikə və diqqətə görə Abdullah Gülə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Prezident Abdullah Gül ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da daim inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Sizi 50 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası uğurlu inkişafını davam etdirir, ölkə həyatının bütün sahələrində yüksək nailiyyətlər nümayiş etdirir, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirir. Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirərək, əminəm ki, Siz qarşılıqlı fəaliyyətin bütün sahələrində bundan sonra da Ukrayna-Azərbaycan əməkdaşlığının dərinləşməsinin səmimi tərəfdarı olaraq qalacaqsınız", - Yanukoviç təbrik məktubunda bildirib.
Ukrayna Prezidenti məktubunda qarşılıqlı anlaşma, mehriban qonşuluq və konstruktiv dialoqun iki ölkə arasında münasibətlərin möhkəmlənməsinin dəyişməz tərkib hissəsi olacağına əminliyini ifadə edib.
"Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ölkənizin rifahı naminə yeni nailiyyətlər, dost Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram", - məktubda deyilir.
Azərbaycan Prezidentini doğum günü münasibətilə belaruslu həmkarı da təbrik edib.
"Sizin 50 illik yubileyiniz münasibətilə ən hərarətli və səmimi təbriklərimi qəbul edin. Siz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin işini layiqincə davam etdirərək Vətənə yorulmadan xidmət etmək nümunəsinə çevrilmisiniz. Sizin bilikləriniz, möhkəm iradəniz və siyasi müdrikliyiniz sayəsində iqtisadi cəhətdən güclü və mütərəqqi Azərbaycan Respublikası bu gün gələcəyə inamla baxır, beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısıdır", - Belarus Prezidenti Aleksandr Lukaşenkonun təbrik məktubunda deyilir.
Lukaşenko məktubunda qeyd edib ki, Belarus-Azərbaycan dialoqunun inkişafına İlham Əliyevin şəxsi töhfəsini və aralarında yaranmış, etimada əsaslanan münasibətləri yüksək qiymətləndirir, bunlar olmadan həqiqi tərəfdaşlıq mümkün deyildir.
"Əminəm ki, səmərəli Belarus-Azərbaycan əməkdaşlığı bundan sonra da dostluq və qarşılıqlı anlaşma əsasında inkişaf edəcəkdir. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji və məsul vəzifənizdə uğurlar arzulayıram", - Belarus Prezidentinin məktubunda bildirilir.
Qırğızıstan Prezidenti Almazbek Atambayev Prezident İlham Əliyevi təbrik edib.
"Sizin 50 illiyiniz münasibətilə ən hərarətli və səmimi təbriklərimi qəbul edin! Ölkənizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Sizin rəhbərliyiniz altında həyata keçirilən siyasi və iqtisadi dəyişikliklərin uğurlu olmasının, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının təsdiqi olmuşdur.
Biz xalqlarımız arasında tarixi dostluq və əməkdaşlıq tellərini yüksək qiymətləndirir, prioritet sahələrdə Qırğızıstan-Azərbaycan münasibətlərinin dərinləşməsinə böyük əhəmiyyət veririk. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji və dost Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram", - Atambayevin təbrik məktubunda deyilir.
Azərbaycan Prezidentini doğum günü münasibətilə Moldovanın Baş naziri Vladimir Filat da təbrik edib.
"Yubileyiniz münasibətilə mənim ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Fürsətdən istifadə edib qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında dövlətçiliyin möhkəmlənməsi, daxili islahatların səmərəli həyata keçirilməsi, xarici siyasi məqsədlərin müvəffəqiyyətlə reallaşdırılması yolunda sanballı uğurlar nümayiş etdirir.
Ölkələrimiz arasında əməkdaşlığın böyük potensiala malik olduğuna əminliyimi ifadə edərək, Moldova tərəfinin Azərbaycan Respublikası ilə dialoqu ikitərəfli gündəliyin bütün spektri üzrə, Moldova-Azərbaycan münasibətlərinə xas olan dostluq və qarşılıqlı anlaşma ruhunda fəallaşdırmağa və bundan sonra da möhkəmləndirməyə hazır olduğunu vurğulamaq istəyirəm.
Zati-aliləri, icazə verin, Sizə möhkəm cansağlığı, uzun ömür, uğurlar və furavanlıq arzulayım", - Filatın təbrik məktubunda bildirilir.
Litva Respublikasının Prezidenti Dalya Qribauskayte Prezident İlham Əliyevi təbrik edib.
"Anadan olmağınızın əlli illiyi münasibətilə səmimi təbriklərimi lütfən qəbul edin. Sizə və ailənizə böyük xoşbəxtlik, qüvvət və möhkəm cansağlığı arzulayıram. Azərbaycanı sülh, rifah və təhlükəsizlik yolu ilə irəli aparmaqda Sizə böyük uğurlar diləyirəm.
Bu ilin may ayında Azərbaycana səfərimi və apardığımız səmimi söhbəti böyük ehtiramla xatırlayaraq, qəti şəkildə ümidvar olduğumu bildirmək istəyirəm ki, ikitərəfli əməkdaşlıq dövlətlərimizin rifahı naminə davam edəcək, ölkələrimizin, eləcə də xalqlarımızın firavanlığına və təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcəkdir. Mən, həmçinin Litva ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə yetirdiyiniz şəxsi diqqətə və verdiyiniz dəstəyə görə minnətdaram. Bu dəstək olmadan qazandığımız böyük nəticələrin əldə edilməsi çox çətin olardı.
Yaxşı bilirəm ki, Litva ilə Azərbaycanın işgüzar dairələrinin, alimlərinin və ictimai xadimlərinin ikitərəfli təmasların daha da inkişaf etdirilməsi ilə bağlı bir çox maraqlı ideyaları vardır. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni dialoqun təşviq edilməsini arzulayaraq, fürsətdən istifadə edib, Sizi lütfən Litvaya səfərə dəvət edirəm.
Ad gününüz münasibətilə Sizi bir daha təbrik edir və Yeni il münasibətilə ən xoş arzularımı çatdırıram.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm", - Qribauskaytenin təbrik məktubunda bildirilir.
Azərbaycan Prezidentini doğum günü münasibətilə Rusiyanın Federal Məclisinin
Federasiya Şurasının sədri Valentina Matviyenko da təbrik edib.
"Sizi anadan olmağınızın 50 illiyi münasibətilə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm!
Federasiya Şurasında Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətinizi yüksək qiymətləndirir və Azərbaycanın iqtisadiyyatda, mədəniyyətdə, ölkənin ictimai həyatında və dünya məkanında mövqelərinin möhkəmlənməsində sanballı nailiyyətlərini böyük məmnuniyyətlə qeyd edirlər.
Dost və konstruktiv Rusiya-Azərbaycan dialoqunun, onun ayrılmaz tərkib hissəsi olan Federasiya Şurası və Azərbaycan Milli Məclisi arasında əməkdaşlığın davam etdirilməsinə əminliyimi ifadə edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə gələcək uğurlar arzulayıram", - Matviyenkonun təbrik məktubunda deyilir.
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Sizin həyatınızda əlamətdar tarix - anadan olmağınızın 50 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz bu yubileyi gücünüzün aşıb-daşdığı bir dövrdə qarşılayırsınız, Sizin rəhbərlik etdiyiniz dövlət isə indi iqtisadi və mədəni yüksəliş dövrü yaşayır.
Siz uzun illər boyu Azərbaycan Respublikasına rəhbərlik etməklə öz həmvətənlərinizin məhəbbətini və dünya birliyində hörmət qazanmısınız. Sizin ölkənin pravoslav sakinlərinin ehtiyac və çətinliklərinə göstərdiyiniz qayğıya, Bakı yeparxiyası ilə faydalı əməkdaşlığa görə Sizə xüsusi təşəkkür edirəm.
Bu da fərəhlə qeyd edilməlidir ki, Azərbaycanın müsəlman icması dinlərarası dialoq kimi mühüm sahədə Rus Pravoslav Kilsəsinin ənənəvi tərəfdaşıdır.
Sizə ruhani və cismani möhkəmlik, Sizin xalqınıza çox faydalı, məsuliyyətli xidmətinizdə Tanrıdan kömək diləyirəm. Ulu Tanrı Sizə və ailənizə yar olsun", - Kirill təbrik məktubunda bildirib.
Dekabrın 24-də Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Süleyman Dəmirəl dövlətimizin başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Dövlətimizin başçısı təbrikə və diqqətə görə Süleyman Dəmirələ minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlətimizin başçısı və Türkiyə Respublikasının IX Prezidenti ulu öndər Heydər Əliyevlə Süleyman Dəmirəlin dostluq münasibətlərini böyük məmnunluqla yad etdilər.
Türkmənistan Prezidenti Qurbanqulu Berdimühəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"50 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik, həmçinin dost Azərbaycan xalqı naminə bütün təşəbbüslərinizdə və istəklərinizdə uğurlar diləyirəm", - məktubda deyilir.
Azərbaycan Prezidentini doğum günü münasibətilə Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmon da təbrik edib.
"Həyatınızın şanlı tarixi - 50 illik yubileyiniz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin.
Bu çox gözəl gündə xüsusi qeyd etmək istərdim ki, Sizin həyat yolunuz, Azərbaycan xalqının səadəti naminə fəal və fədakar əməyiniz ölkəyə hədsiz vicdanla xidmətin parlaq nümunəsidir.
Əminəm ki, Tacikistan ilə Azərbaycan arasında bir çox cəhətdən Sizin fəal mövqeyinizlə təşəkkül tapmış dostluğa və etimada söykənən qarşılıqlı münasibətlər bundan sonra da xalqlarımızın bir-birinə qarşılıqlı hörməti ruhunda inkişaf edəcəkdir.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq və çiçəklənmə arzulayıram", - Tacikistan Prezidentinin təbrik məktubunda deyilir.