...

Azərbaycanın müdafiə naziri ABŞ dövlət katibi köməkçisinin müavini ilə görüşüb

Siyasət Materials 18 Yanvar 2012 17:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüşdə ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif sahələr üzrə inkişaf etdiyini bildirən müdafiə naziri ikitərəfli hərbi əməkdaşlıq sahəsində də uğurların olduğunu qeyd edib.

Bölgədə mövcud hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və bunun nəticəsində bir milyon qaçqının bu günə qədər yurd-yuvasına dönə bilməməsini qonağın diqqətinə çatdırıb. Nazirin fikrincə, sülh prosesinin yubanması və onun qəsdən uzadılması regionda müharibənin alovlanmasına əlverişli şərait yaradır. Ona görə də vəziyyətin gərgin həddə çatmaması üçün Minsk qrupu fəaliyyətini gücləndirməlidir.

Bölgədəki vəziyyətə münasibətini bildirən amerikalı qonaq bu il problemin aradan qaldırılmasına diqqəti artıracaqlarını bildirib və qeyd edib ki, regionda sülhün bərqərar olması üçün Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ABŞ-ın maraqları çərçivəsindədir. Söhbət zamanı qonaq Azərbaycan torpaqlarının işğal faktının ABŞ tərəfindən tanındığını bir daha təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti