Azərbaycan, Bakı, 21 yanvar /Trend/
Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu 1990-cı il 20 Yanvar faciəsi qurbanların xatirəsi Günü keçirib.
XİN-in mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə Muxtar Respublikasının Hökumətinin Aparatı, Acarıstanın digər nazirlik və idarələrinin məsul əməkdaşları, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, Ş. Rustaveli adına Batumi Dövlət Universitetinin Rektoru А. Bakuridze, Poti şəhərinin meri V. Lemonjava, "Acariya" qəzetinin Baş redaktoru Q. Qorqiladze, Acarıstan Muxtar Respublikasının tanınmış ziyalıları və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.
Qanlı yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulu Hüseyn Nəcəfov çıxış edib. O, çıxışında Sovet Ordusunun 1990-cı ilin yanvarında Bakı şəhərində törətdiyi qanlı hadisələrdən, paytaxtın dinc sakinlərinə qarşı görünməmiş qəddarlıqla həyata keçirilən, çoxsaylı qurbanlarla nəticələnən cəza aksiyasından danışıb. Baş konsul çıxışında o günlərdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək SSRİ rəhbərliyini Bakıda qan tökdüyünə görə rəsmən ittiham etməsini xüsusi olaraq vurğulayıb. H. Nəcəfov onu da qeyd edib ki, hazırda Bakının ən uca nöqtəsində Şəhidlər Xiyabanı salınıb ki, bu Xiyabanda 20 Yanvar faciəsinin qurbanları ilə yanaşı, erməni təcavüzkarlarına qarşı döyüşlərdə həlak olmuş şəhidlərimiz də dəfn olunub. Buna görə də bu gün rəsmi ziyarət yerinə çevrilmiş Şəhidlər Xiyabanı Azərbaycanın hər bir vətəndaşının qürur duyduğu müqəddəs bir məkandır. Hər il yanvarın 20-si yüz minlərlə soydaşımız canlarını doğma Vətənin azadlığı və müstəqilliyi yolunda qurban vermiş mərd oğul və qızlarımızın uyuduğu bu məkanı ziyarət edir, şəhidlərin xatirəsini dərin hörmətlə yad edirlər.
Tədbir çərçivəsində tanınmış rejissor A. Konçalovskinin "Бремя власти. Гейдар Алиев. 2 часть - Черный Январь" və "Müstəqilliyə aparan yol" sənədli filmləri nümayiş etdirilib.
Qonaqların diqqətinə həmçinin Bakı şəhərində faciəli 20 yanvar hadisələrini özündə əks etdirən fotosərgi də çatdırılıb.
Sonda tədbir iştirakçıları 1990-cı ilin Qanlı Yanvar - Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.