...

Müsəlman qadınların problemlərinin həlli müzakirə olunacaq

Siyasət Materials 23 Yanvar 2012 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir M.Əliyev/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva İndoneziyada keçiriləcək Müsəlman Qadın Parlamentarlarının Konfransında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumatda bildirilir.

Toplantıda müsəlman qadınların ictimai-siyasi həyatda iştirakı, müsəlman ailələrdə məişət problemlərinin həlli, münaqişələrin aradan qaldırılmasında qadınların rolu və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Mirkazım Kazımov, Cavanşir Paşazadə, Sabir Rüstəmxanlı İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Konfransının 7-ci sessiyasında iştirak etmək üçün İndoneziyanın Palembanq şəhərinə səfər edəcəklər.

Tədbirdə qurumun Baş katibinin hesabatı dinləniləcək, İKT Parlament İttifaqında Maldiv Xalq Məclisinə üzvlük, Moro Milli Azadlıq Cəbhəsinə müşahidəçi statusunun verilməsi, Layihələşdirmə Komitəsinin təsis olunması və təşkilati məsələlər müzakirə olunacaq, sessiyanın bəyannaməsi və qətnamələri qəbul ediləcək.

Deputatlarımız, eyni zamanda, təşkilatın Siyasi və iqtisadi məsələlər üzrə, Hüquqi məsələlər, insan hüquqları və ətraf mühit üzrə, Qadınlar, sosial və mədəni məsələlər üzrə daimi ixtisaslaşmış komitələrinin iclaslarında, Ümumi komitənin toplantısında da iştirak edəcəklər.

Millət vəkilləri İKT Pİ-nın BMT-də müşahidəçi statusu almaq üçün müraciəti, Onillik Fəaliyyət Proqramının yerinə yetirilməsi, regional münaqişələr, o cümlədən Dağlıq Qarabağın işğalı, müsəlman dövlətləri arasında həmrəylik və birliyin təşviqi, iqtisadi əlaqələrin genişləndirilməsi, beynəlxalq maliyyə böhranının mənfi təsirinin öyrənilməsi ilə əlaqədar xüsusi komitənin təsis olunması və digər mövzularda aparılan müzakirələrə qatılacaq, məsələlərə öz münasibətlərini bildirəcəklər.

Xəbər lenti

Xəbər lenti