...

Aydın Mirzəzadə: Fransa parlamenti ən böyük tarixi səhvini buraxdı

Siyasət Materials 24 Yanvar 2012 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Mehdiyev/

Fransa parlamentinin "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul etməsi onun fəaliyyəti dövründə bəlkədə buraxdığı ən böyük tarixi səhvidir. Bunu çərşənbə axşamı Trend-ə millət vəkili Aydın Mirzəzadə deyib.

"Öz üzərinə ona aidiyyəti olmayan bir səlahiyyəti götürmək, Türkiyə kimi böyük bir dövlətlə münasibətləri korlamaq üçün bütün gücünü ortaya qoyan parlament özündən daha çox Fransa dövlətini və xalqını pis vəziyyətdə qoydu", - Mirzəzadə qeyd edib.

O, bildirib ki, dünyada demokratiya və insan hüquqlarının müdafiəçisi kimi tanınan bir dövlətin qanunverici orqanı məhz demokratiyanı və söz azadlığını saya salmadığını ortaya qoydu.

"Bu, tək Fransa və Türkiyə arasında deyil, bütün dünyada gərginliyin artmasında çox pis bir rol oynaya bilər. Fransa siyasətçiləri tarixi saxtalaşdıranların, dünyada gərginliyi artırmağın müxtəlif yollarını fikirləşən erməni millətçilərinin güdazına getdilər", - Mirzəzadə bildirib.

Millət vəkili vurğulayib ki, Azərbaycan bu ağır gündə Türkiyənin yanındadır və onunla birlikdə bu ədalətsiz qərara öz etirazını bildirir.

"Əlbəttə ki, bu Fransa ilə münasibətdə bundan sonra müəyyən qərarların qəbul edilməsinə gətirib çıxara bilər. Azərbaycan Parlamentində bununla bağlı elə birinci iclasda deputatlar ciddi məsələ qaldırmaq niyyətindədirlər. Mən hesab edirəm ki, gələcək fransız nəsilləri bu günkü atalarının hərəkətlərinə görə yəqinki Türkiyədən, ümumilikdə dünyadan üzr istəməli olacaqlar", - Mirzəzadə deyib.

Dünən Fransa Senatı səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti