...

Azərbaycanda müxalifətin birləşmək şüarı "xəstə" halı alıb

Siyasət Materials 26 Yanvar 2012 15:31 (UTC +04:00)
Azərbaycanın müxalif Azadlıq Partiyasının sədri hesab edir ki, müxalifətin birləşməsi ilə bağlı səslənən fikirlər dəb halını alıb.
Azərbaycanda müxalifətin birləşmək şüarı "xəstə" halı alıb

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalif Azadlıq Partiyasının sədri hesab edir ki, müxalifətin birləşməsi ilə bağlı səslənən fikirlər dəb halını alıb.

"Artıq birləşmə təşəbbüsləri ilə çıxış etmək dəb halını alıb. Hamı növbə ilə birləşmədən danışır, ancaq hamı da birləşməyə mane olan mövqedən çıxış edir. Mən bu cür təşəbbüsləri ciddi hesab etmirəm", - bunu cümə axşamı Trend-ə "Qarabağ" siyasi blokunun birləşmə təklifi ilə çıxışına münasibət bildirərkən Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

Orucun fikrincə, kimsə nəsə iş görmək istəyirsə, fəaliyyətini ortaya qoymalıdır.

"Heç bir iş görməyən, bacarığı olmayanlar, ictimai rəydə, gündəmdə qalmaq üçün hamı birləşməlidir" demək artıq xəstə bir hal alıb. Kim kim ilə birləşmək istəyir, getsin birləşsin. Düşüb qapı-qapı hamını çağırırlar, ələm gəzdirənlərə oxşayırlar. Nə qədər belə yersiz təşəbbüslər olar?" - Oruc əlavə edib.

Qeyd edək ki, müxalif Demokrat (ADP) və Ümid partiyalarının birləşdiyi "Qarabağ" siyasi bloku müxalifət partiyalarına birliklə bağlı məktub ünvanlayıb. Məktubda müxalifətin birləşməsinin vacibliyi vurğulanıb.

ADP sədri Sərdar Cəlaloğlu isə cümə axşamı Trend-ə açıqlamasında deyib ki, əgər müxalifət partiyaları tərəfindən müsbət cavab gəlsə, danışıqlara başlayacaqlar.

"Əgər birmənalı şəkildə desələr ki, biz bu ideyanı kökündən qəbul etmirik, o zaman heç bir danışıq keçirilməyəcək", - Cəlaloğlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti