...

Türkiyədəki həmkarlarıma açıq məktub

Siyasət Materials 30 Yanvar 2012 14:42 (UTC +04:00)

Səba Ağayeva, Trend-in Azərbaycan redaksiyasının direktor müavini

2012-ci ilin başlaması ilə Avropanın iqtisadi çətinliklərlə üzləşdiyi bir dövrdə "köhnə qitə"nin güc, mədəniyyət, fikir azadlığı mərkəzi sayılan Fransada, həmçinin demokratiyanın böhranı özünü biruzə verdi. ABŞ-a azadlığı təcəssüm etdirən abidəni hədiyyə edən, dünyada düşüncə azadlığının təbliğatçısı olan Fransa bir neçə senatorun "köməyi" ilə insan haqları və söz azadlığına məhdudiyyət qoyan bir dövlətə çevrildi.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul etdi.

Şübhəsiz ki, siyasi oyunların qurbanı olan fransız senatorlar Türkiyənin son dövrlər artan gücünə zərbə vuracağına və digər avropalı qonşularının buna loyal münasibət bəsləyəcəyinə əmin olaraq bu qanunun lehinə səs veriblər.

Lakin məhz bu problem Türkiyənin ədalətsizliklərə qarşı tək cəbhədən savaşmadığını nümayiş etdirdi.

İstər qanunun qəbulundan əvvəl, istərsə də sonra Azərbaycan bütün səviyyələrdə, xüsusilə dövlət səviyyəsində Fransaya etirazlar səsləndirdi. 2011-ci il payız sessiyasının son iclasında Milli Məclis Fransa Senatına xəbərdarlıq müraciəti qəbul etdi. Spiker Oqtay Əsədovun "Bu, sadəcə bir məktub yox, Milli Məclisin mövqeyini bildirən ciddi bir müraciətdir" deyə vurğulaması Azərbaycan Parlamentinin birmənalı mövqeyini ortaya qoydu.

Senatda qanun qəbul olunandan dərhal sonra isə Azərbaycan Xarici İşlər Nazirliyi, Prezident Administrasiyasının məsul şəxsləri KİV nümayəndələrinə açıqlama verərək, Fransa parlamentinin "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsinin düşüncə və söz azadlığına ciddi zərbə vurmaqla yanaşı, həqiqət axtarışından kənar olduğunu bildirdilər. Xüsusilə Fransanın "demokratik" senatorları həqiqəti axtararkən 100 il öncə söylənilən və sübuta yetirilməmiş hadisəni deyil, 20 il öncə olmuş Xocalı soyqırımı məsələsini gündəmə gətirərək müzakirə edib hüquqi qiymət verməyə çağırılıblar.

Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında bir həftə ərzində müxtəlif QHT nümayəndələrinin etiraz aksiyaları səngimədi. Qanunun qəbul olunması ərəfəsinə təsadüf etmiş Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının həm iclasları, həm də kuluardakı müzakirələri isə bütövlüklə Azərbaycandan olan millət vəkillərinin kəskin etiraz xarakterli çıxışları ilə yadda qaldı. Azərbaycan ictimaiyyətinin bütün səviyyələrində olduğu kimi, jurnalist birlikləri də öz fransız həmkarlarını Nikola Sarkozi tərəfindən söz azadlığına qarşı sənədin imzalanmasına etiraz etmək üçün həmrəyliyə çağırdılar.

Artıq Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ATƏT-in Minsk qrupu tərkibində vasitəçilik missiyasına xitam veriləcəyinin mümkünlüyü məsələsi birmənalı olaraq qaldırıldı. Həttə bəzi QHT-lər Fransa QHT-ləri ilə əməkdaşlıqdan imtina etdilər. Bir sözlə, Türkiyə bu məsələdə istər dövlət, istərsə də bütövlükdə ictimaiyyət səviyyəsində Azərbaycanı yanında gördü.

Təəssüf ki, əsassız erməni iddialarına qarşı mübarizədə yüksək səviyyədə təşkil olunmuş Türkiyə-Azərbaycan ittifaqına son günlər elə Türkiyənin özündə xələl gətirmək istəyən qüvvələr meydana çıxdı. Türkiyənin bəzi KİV-ləri ədalətsiz mövqelərdən çıxış edərək, Azərbaycanın bu məsələ ilə bağlı göstərdiyi reaksiyanı kiçiltməyə cəhd edir və Azərbaycanı heç bir reaksiya verməməkdə günahlandırır. Lakin son 20 ildə bu iki türk dövlətinin qarşılaşdığı problemlər belə neqativ materialları Türkiyə ictimaiyyətinin və dövlətinin mövqeyi kimi qəbul etməyin düzgün olmadığını dəfələrlə sübut edib. Azərbaycanın addımlarını kiçiltməyə cəhd edən jurnalist həmkarlarımız ən azı onu nəzərə almalıdırlar ki, qonşu ölkələrlə münasibətləri gərgin olan Türkiyə bu gün Azərbaycana hər zamankından daha çox əhəmiyyət verməlidir, çünki dünyada baş verən proseslər dəfələrlə sübut edib ki, siyasi müstəvidə qardaş qazanmaq mümkünsüz görünür. Məhz belə qardaşlaşmış ölkələr nümunəsini hazırda dünyaya Azərbaycan və Türkiyə nümayiş etdirir.

Hər iki ölkənin mətbuatı bu cür situasiyalarda bir-birinə dəstək verməli, dövlətlərarası münasibətlərə xələl gətirə biləcək hər kiçik fakta qarşı mübariz olmalıdır.

Azərbaycan və Anadolu türkləri bir-biriləri ilə bağlı duyğu və düşüncələrini qardaşcasına indiyədək necə daşıyıblarsa, bu gün və sabah da elə daşıyacaqlar. Türkiyə xalqının Azərbaycana güvəni dünən var idi, bu gün də var, sabah da əksilmədən olacaq və iki qardaş ölkənin arasını vurmağa yönələn cəhdlər nəticəsiz qalacaq.

Xəbər lenti

Xəbər lenti