Azərbaycan, Bakı, 31 yanvar / Trend müxbir M.Əliyev/
Şərqi Avropa və Avropa İttifaqı ölkələrinin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məsələsi Bakıda müzakirə olunacaq. Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin üzvü Fuad Muradov çərşənbə axşamı Trend-ə bildirib ki, bu barədə PA-nın İqtisadi İnteqrasiya Komitəsinin Brüsseldə keçirilən iclasında qərar qəbul olunub.
Onun sözlərinə görə, müzakirələr aprelin 2-4-də Bakıda keçiriləcək Avronestin növbəti sessiyası zamanı aparılacaq.
"Brüsseldə keçirilən iclasda Ermənistan nümayəndə heyəti öz sərhədlərinin bağlı olmasının nəqliyyat məsələlərinə maneə törətdi barədə məsələ qaldırıb. Lakin onlara cavab olaraq bildirilib ki, Ermənistanın sərhədlərinin bağlı olması sırf həmin dövlətin Azərbaycan ərazilərini işğal etməsi ilə bağlıdır", - Muradov deyib.
Avronest PA-nın 2-ci sessiyasının 2012-ci ilin aprel ayında Azərbaycanda keçirilməsi barədə qərar qurumun 2011-ci ilin sentyabr ayında Strasburqda keçirilən sessiyasında qəbul edilib. Bu, qurumun Avropa İttifaqının hüdudlarından kənarda keçiriləcək ilk sessiyası olacaq.