...

Azərbaycanın xarici işlər naziri Fransa senatorlarını qəbul edib

Siyasət Materials 7 Fevral 2012 18:14 (UTC +04:00)
Elmar Məmmədyarov çərşənbə axşamı Bakıda səfərdə olan senator Natali Qulenin rəhbərlik etdiyi Fransa senatorlarından ibarət nümayəndə heyətini qəbul edib.
Azərbaycanın xarici işlər naziri Fransa senatorlarını qəbul edib

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Bakıda səfərdə olan senator Natali Qulenin rəhbərlik etdiyi Fransa senatorlarından ibarət nümayəndə heyətini qəbul edib. Trend-in məlumatına görə, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Məmmədyarov bu səfərin ikitərəfli münasibətlərin inkişafında önəmli olduğunu vurğulayıb.

Nazir yanvar 23-də Fransa Senatında "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbul edilməsinin Azərbaycan tərəfindən çox həssas və emosionallıqla qəbul edildiyini bildirib.

Məmmədyarov qonaqlara Azərbaycanın ərazisinin 20 faizinin hələ də işğal altında olduğunu və 1 milyona yaxın qaçqının öz doğma torpaqlarından didərgin düşdüyünü xatırladıb. Nazir Azərbaycan XİN-in bu məsələ ilə bağlı bəyanatlar verdiyini senatorların diqqətinə çatdırıb.

Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə fransalı senatorlara ətraflı məlumat verib.

Qonaqlar bu səfərin ikitərəfli münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasında çox önəmli olduğunu vurğulayıblar. Senatorlar "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbul edilməsinin Azərbaycanda həssaslıqla qarşılandığını hiss etdiklərini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti