...

Gürcüstan Prezidentinin Qənirə Paşayevanı "Şərəf" ordeni ilə təltif etməsinə dair təqdimat mərasimi keçirilib (FOTO)

Siyasət Materials 5 Mart 2012 14:28 (UTC +04:00)
Bu gün Gürcüstanın Azərbaycandakı səfirliyində Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın Gürcüstan Prezidenti Mixail Saakaşvili tərəfindən "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı təqdimat mərasimi keçirilib.
Gürcüstan Prezidentinin Qənirə Paşayevanı "Şərəf" ordeni ilə təltif etməsinə dair təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.Mehdiyev/

Bu gün Gürcüstanın Azərbaycandakı səfirliyində Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayevanın Gürcüstan Prezidenti Mixail Saakaşvili tərəfindən "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, Gürcüstanın Azərbaycandakı səfiri Temiraz Şaraşemidze bildirdi ki, Azərbaycanla Gürcüstan arasında tarixən dostluq, qardaşlıq münasibətləri mövcud olub və bu münasibətlər hər iki ölkə müstəqillik əldə etdikdən ötən 20 il ərzində daha da yüksələn xətt üzrə inkişaf edib.

Şaraşemidze qeyd edib ki, hər iki ölkənin parlamentləri, parlamentlərarası dostluq qrupları arasında ciddi əməkdaşlıq münasibətləri mövcuddur.

Gürcüstan Prezidenti Mixail Saakaşviliyə təşəkkürünü bildirən Qənirə Paşayeva qeyd edib ki, o bu ordeni təkcə öz adına deyil, həm də Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun bütün üzvləri adına, iki qonşu dövlətin daha da yaxınlaşmasına çalışan bütün həmkarlarının əməyinə verilən qiymət kimi qəbul edir.

"Hesab edirəm ki, qrupumuz fəaliyyət göstərdiyi müddət ərzində parlamentlərarası əlaqələrin, əməkdaşlığın inkişafı istiqamətində əlindən gələni etməyə çalışıb və daima Gürcüstanla əlaqələrə böyük önəm verib. Ona görə, bu ordeni həm parlamentimiz adına, həm də Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupuna verilən orden kimi qəbul edirəm. Mən özəlliklə, ölkə Prezidenti cənab İlham Əliyevə və Gürcüstan Prezidenti Mixail Saakaşviliyə təşəkkürümü bildirir, onların iki dövlətin strateji partnyorluğunu yüksəltmələrini, dostluğumuzu daha da möhkəmləndirmələrini xüsusi vurğulayıram", - Paşayeva deyib.

O, qeyd edib ki, əgər onlar tərəfindən iki ölkə arasında əməkdaşlığa, tərəfdaşlığa, dostluğa bu qədər önəm verilməsəydi, Gürcüstanla Azərbaycanın münasibətləri bugünkü yüksək səviyyəsinə gəlib çatmazdı.

"Həm Azərbaycan, həm Gürcüstan rəhbərliyi hər zaman iki ölkə arasında olan münasibətlərə, əməkdaşlığa, dostluğa, mən deyərdim, qardaşlığa böyük önəm veriblər və verməkdədirlər. Təbii ki, onların bu siyasəti və fəaliyyəti parlamentlərarası dostluq qrupları və ümumiyyətlə hamımız üçün bir örnək təşkil edir. Gürcüstan şəxsən mənim üçün ən əziz, ən doğma ölkələrdən biridir və bundan sonra da hansı istiqamətdə fəaliyyət göstərəcəyimdən asılı olmayarq, öz fəaliyyətimdə daim Gürcüstanla dostluq, qardaşlıq münasibtlərinin inkişafına əlimdən gəldiyi qədər öz töhfəmi verməyə çalışacam", - Paşayeva vurğulayıb.

Xəbər lenti

Xəbər lenti