...

Azərbaycan və Çili əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Siyasət Materials 22 Mart 2012 10:35 (UTC +04:00)
Azərbaycanın Argentinadakı, eyni zamanda, Çili Respublikasındakı səfiri Məmməd Əhmədzadə Çilidə müxtəlif dövlət rəsmiləri ilə görüşlər keçirib.
Azərbaycan və Çili əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Argentinadakı, eyni zamanda, Çili Respublikasındakı səfiri Məmməd Əhmədzadə Çilidə müxtəlif dövlət rəsmiləri ilə görüşlər keçirib.

Azərbaycanın Argentinadakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, Çilinin xarici işlər naziri Alfredo Moreno ilə görüşdə Azərbaycan-Çili əməkdaşlığının inkişaf perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Moreno Azərbaycanın son illərdə beynəlxalq nüfuzunun artdığını, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT TŞ-yə 2012-2013-cü illər üzrə qeyri-daimi üzv seçilməsi, G20-nin xarici işlər nazirlərinin Meksikada keçirilmiş görüşünə Azərbaycanın da dəvət olunmasını qeyd edib.

Görüşdə yüksək səviyyəli səfərlərin mübadiləsinin, mütəmadi siyasi məsləhətləşmələrin aparılmasının, ikitərəfli müqavilə-hüquq bazasının inkişafının, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin, habelə digər sahələrdə əməkdaşlığın təşviqinin vacibliyi bildirilib və bu istiqamətdə növbəti müddətdə müvafiq işin aparılması razılaşdırılıb. Habelə, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində və beynəlxalq inkişaf sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Səfər çərçivəsində Əhmədzadə Çili Milli Konqresi Senatının prezidenti Guido Girardi və Deputatlar Palatasının prezidenti Patrisio Melero ilə də fərdi görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, bu istiqmətdə atılacaq addımlar müzakirə olunub.

Səfir səfər vaxtı Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr Baş İdarəsinin, İkitərəfli Əlaqələr İdarəsinin, Çoxtərəfli Əlaqələr İdarəsinin, Baş Protokol İdarəsinin rəhbərləri ilə, həmçinin ticarət və sərmayələrin təşviqi təşkilatı "ProChile", Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və İncəsənət Nazirliyi və Çili dövlət neft şirkəti ENAP-ın rəhbər şəxsləri ilə görüşərək müvafiq sahələrdə əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb.

Bütün görüşlərdə regional vəziyyət, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycanın inkişaf strategiyası, ölkəmizin qlobal enerji təhlükəsizliyində, regional əməkdaşlıq və inteqrasiyadakı rolu barədə ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti