Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir E.Mehdiyev/
İsveç Azərbaycanda diplomatik missiyasını genişləndirəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə İsveçin Azərbaycandakı səfiri Mikael Eriksson deyib.
Tezliklə Azərbaycanda İsveç səfirliyinin açılacağına ümid etdiyini deyən Eriksson bildirib ki, çox güman, bu, cari ilin payızında baş tutacaq.
Qeyd edək ki, İsveçin Bakıda konsulluğu fəaliyyət göstərir.
Azərbaycan və İsveç arasında əməkdaşlıq məsələlərinə toxunan səfir qeyd edib ki, bunun üçün həm siyasi, həm sənaye, həm də ticarət sahələrində böyük potensial var.
"Düşünürəm ki, Azərbaycan və İsveç bərpa olunan enerji sahəsində də əməkdaşlıq edə bilərlər", - səfir deyib.
O qeyd edib ki, bir sıra İsveç şirkətləri Azərbaycana neft və qaz sahəsində avadanlıqlar gətirməyə hazırdır.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Eriksson bildirib ki, İsveç bu istiqamətdə beynəlxalq səyləri, o cümlədən ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir.
"Əlbəttə ki, münaqişə yalnız sülh yolu ilə əldə edilə bilər. Tərəflər bir araya gəlib konsensus tapmalıdır", - o əlavə edib.