...

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri birgə bəyanatla çıxış etdilər

Siyasət Materials 4 Aprel 2012 02:07 (UTC +04:00)
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlər yaradılmasının 20-ci ildönümü ilə əlaqədar birgə bəyanala çıxış etdilər.
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri birgə bəyanatla çıxış etdilər

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlər yaradılmasının 20-ci ildönümü ilə əlaqədar birgə bəyanala çıxış etdilər.

Bəyanatda qeyd olunur ki, ötən dövrdə Rusiya və Azərbaycan xalqları arasında bərabərhüquqlu, qarşılıqlı faydalı və konstruktiv münasibətlərin ənənəvi dostluq və mehriban qonşuluq ruhunda hərtərəfli möhkəmlənməsinə yönəlmiş ikitərəfli əməkdaşlıq yüksək səviyyəyə çatdırılmışdır.

"Azərbaycan-Rusiya tərəfdaşlığının strateji xarakteri ikitərəfli baza sənədlərində - Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli müqavilədə, Bakı (2001-ci və 2008-ci illər) və Moskva (2008-ci il) bəyannamələrində təsbit edilmişdir. 2010-cu il sentyabrın 3-də Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dövlət Sərhədi haqqında Müqavilə imzalanması ikitərəfli münasibətlərin daha da genişlənməsi və möhkəmlənməsi yolunda mühüm hadisə olmuşdur", - bəyanatda deyilir.

Nazirlər bildiriblər ki, ölkələrimiz arasında münasibətlər zəngin potensiala malikdir və gələcəyə yönəlmişdir.

"Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının qarşılıqlı əlaqələrinin möhkəmlənməsi və zənginləşməsi üzrə ardıcıl və israrlı birgə işi davam etdirmək əzmini qeyd edirik.
Ticari-iqtisadi sahədə Azərbaycan-Rusiya əməkdaşlığının miqyası və keyfiyyəti ilbəil artır. 2011-ci ildə qarşılıqlı əmtəə dövriyyəsi 2,5 milyard ABŞ dollarından artıq olmuşdur. Onun bundan sonra daha da, o cümlədən Azərbaycan və Rusiya regionlarının bu işə daha fəal cəlb edilməsi hesabına artırılması üçün yaxşı perspektivlər vardır."

Bəyanatda deyilir ki, 2011-ci il oktyabrın 10-11-də Azərbaycan Respublikası Prezidentinin və Rusiya Federasiyası Prezidentinin himayəsi ilə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunun yekunları yüksək qiymətə layiqdir. Forumun tematikası qloballaşmaqda olan müasir dünyanın reallıqları ilə səsləşir, XXI əsrin çağırışlarının humanitar aspektlərini adekvat qiymətləndirməyə, müvafiq problemlərin həlli yollarını axtarmağa imkan verir. Həmçinin, bu forumun hər il keçirilməsi ideyası dəstəklənilir.

Nazirlər Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamənin, xüsusən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamı tərəfindən tanınmış norma və prinsipləri əsasında, ilk növbədə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri barədə müddəanın, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına riayət edilməsinin təmin olunması əsasında tezliklə tənzimlənməsinin vacibliyi haqqında müddəalarının əhəmiyyətini təsdiqləyirik, həmçinin ATƏT-in 2010-cu il dekabrın 1-də Astanada (Qazaxıstan) keçirilmiş Sammitində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatının müddəalarını təsdiqləyirlər.


İki ölkənin XİN rəhbərləri 2010-cu il noyabrın 18-də Bakı şəhərində Üçüncü Xəzər Sammitində Xəzərin hüquqi statusu barədə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin təmin edilməsinə yönəlmiş ikitərəfli məsləhətləşmələrə böyük əhəmiyyət verirlər.

"Xəzəryanı ölkələrin dövlət başçıları tərəfindən qəbul edilmiş qərarların yerinə yetirilməsi məqsədi ilə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində yaradılmış xüsusi işçi qrup çərçivəsində aparılan işi dəstəklədiyimizi bildiririk", - bəyanatda bildirilir.


Bundan əlavə, qeyd edilib ki, Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq əməkdaşlığın dərinləşməsinə, regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə imkan yaradır.

"Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da dönmədən inkişafı xalqlarımızın köklü mənafe və amallarının reallaşmasına, hər iki ölkənin qlobal sabitliyin və təhlükəsizliyin tərəfdarları kimi beynəlxalq nüfuzunun möhkəmlənməsinə şərait yaradacaq, planetdə sülhün və qarşılıqlı anlaşmanın qorunub saxlanmasına müştərək töhfə olacaqdır", - sənəddə deyilir.






Xəbər lenti

Xəbər lenti