...

"Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasının hazırlanması ilə əlaqədar tədbir keçirilib

Siyasət Materials 19 Aprel 2012 14:02 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar "Sığorta-pensiya sistemi" mövzusunda "dəyirmi masa" keçirilib.
"Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasının hazırlanması ilə əlaqədar tədbir keçirilib

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar "Sığorta-pensiya sistemi" mövzusunda "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş nitqi ilə YAP sədrinin müavini - icra katibi Əli Əhmədov açıb. Daha sonra Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov mövzu ilə bağlı təqdimatla çıxış edib.

Müslümov vurğulayıb ki, yeni iqtisadi sistemə keçid dövrünü müvəffəqiyyətlə başa vuran Azərbaycanın inkişaf modelinin təməl prinsiplərini ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar təşkil edir. "Azərbaycanın gələcək inkişaf istiqamətlərinin vahid konsepsiya çərçivəsində təqdimi üçün həmin prinsiplərin ötən mərhələdəki sosial-iqtisadi xüsusiyyətlərinə nəzər salınması, əldə edilmiş uğurları şərtləndirən çevik siyasət və çoxşaxəli fəaliyyətin ətraflı təhlili mühüm əhəmiyyət daşıyır. Çünki gələcəyə baxışın düzgün istiqamətləndirilməsi və uğurların təmin edilməsi müasir qloballaşan dövrün ağır sınaqlarından çıxmış prinsiplərin daha da dərinləşdirilməsindən birbaşa asılıdır", - deyən DSMF sədri xatırladıb ki, Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da imzaladığı sərəncamla müvafiq dövlət orqanlarına ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması tapşırılıb.

O, Fond tərəfindən Azərbaycanın sığorta-pensiya sisteminin gələcək inkişafı strategiyasının müəyyənləşdirilməsi məqsədilə bir sıra layihələr çərçivəsində aktuar tədqiqatların təşkil olunduğunu vurğulayıb. Тədqiqat müasir dünyada sığorta-pensiya sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə standart indukativ göstəricilər əsasında təşkil olunub. "Beynəlxalq maliyyə və tədqiqat qurumlarının qəbul etdiyi metodiki tövsiyələr əsasında Azərbaycanın sığorta-pensiya sisteminin qiymətləndirilməsi aparılıb, 2020 və 2040-cı illər üçün sığorta-pensiya sisteminin inkişafı üzrə fərqli ssenarilər, mövcud risklər və onların qarşılanması üçün alternativlər verilib. "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasının hazırlanması üçün verilən tapşırıq və tövsiyələrə uyğun olaraq, həmin tədqiqatlarda 2020-ci ilədək olan dövr xüsusi diqqətə alınıb", - Müslümov qeyd edib.

DSMF sədri bildirib ki, ötən dövrdə Azərbaycanda sosial müdafiə sisteminin beynəlxalq standartlara əsaslanan islahatı nəticəsində sığorta-pensiya sistemində mühüm nailiyyətlərə nail olunub. "Üçpilləli pensiya təminatı müəyyənləşdirilib ki, bu da əhalinin sosial müdafiəsinin dövlət siyasətində daim ön plana çəkilməsi prinsipinin əyani təzahürüdür. Əvvəlki sistemlə pensiyaya çıxmış insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanıb. İşləyənlərə pensiya və sosial sığorta müavinətlərinin verilməsi yeni qaydalarla əhatə olunub, bununla da işləyənlər üzrə pensiya və müavinətlərin ödənişinin iş yerlərindən aparılması səbəbindən yaranan problemlər, o cümlədən sosial ödənişlər üzrə borc yaranması halları aradan qaldırılıb. İşləyən pensiyaçıya yaşa görə əmək pensiyasının 50 faiz həcmində ödənilməsi kimi mənfi praktika ləğv olunub və onlar öz pensiyalarını tam məbləğdə almağa başlayıblar", - o deyib.

Müslümov əlavə edib ki, bütövlükdə pensiyaların artımı mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə və pensiya məbləğlərinin indeksləşdirilməsi vasitəsilə inflyasiyadan qorunmasına şərait yaradıb. Vətəndaşların pensiya hüquqlarının fərdi uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə, pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib. 2012-ci ilin 1 aprel tarixinə 1 milyon 978 mindən artıq sığortaolunana (bunlardan 12 min 297 nəfəri xarici ölkələrin vətəndaşıdır) sosial sığorta nömrəsi verilib, onlar üçün fərdi hesab açılıb. Pensiya və müavinətlərin ödənişi avtomatlaşdırılıb. Hazırda pensiya ödənişi aparılan pensiyaçıların şəhərlərdə 100%-nin, kənd yerlərində 99,0%-nin, ümumilikdə isə 99,4%-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Dövlət Sosial Müdafiə Fondunun maddi-texniki bazası tamamilə yenidən qurulub, Fondun bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılıb.

DSMF sədri vurğulayıb ki, son illər ərzində həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləri nəticəsində ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edib. "Pensiyaçılarımızın 97%-nin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb. Ölkəmizdə 60 yaşdan yuxarı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,53%-i düşür ki, bununla da qeyd olunan sahədə beynəlxalq aləmdə qəbul edilmiş mühüm göstəricilərə nail olunub", - o deyib.

Müslümov bildirib ki, 2020-ci ildə Azərbaycanın sığorta-pensiya sisteminin sığortaedənlər, sığortaolunanlar və pensiyaçılara münasibətdə aşağıdakı kimi fəaliyyət göstərməsinə nail olmaq hədəflənib. Belə ki, sığortaedənlərə münasibətdə sığortaedənlərin qeydiyyatı tam avtomatlaşdırılır. Sığortaolunanlar dövlət sosial sığorta sistemində avtomatlaşdırılmış qaydada uçota alınır. Məcburi dövlət sosial sığortası üzrə hesabatların və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatların elektron qaydada ötürülməsi və qəbulu həyata keçirilir. Sığortaedənlərdə audit elektron qaydada aparılır, inzibati nəzarət ictimai nəzarətlə əvəzlənir. Sığortaolunanlara münasibətdə fərdi hesablarında toplanmış sosial sığorta haqlarının məbləği barədə müxtəlif vasitələrlə (Dövlət Sosial Müdafiə Fondunun internet saytı, müştəri xidmətləri şəbəkəsi, rəsmi bildiriş və s.) məlumat almaq imkanına malik olur, nəticədə hər bir işləyən şəxs öz gələcək pensiya təminatı naminə sosial sığorta haqlarının tam və vaxtında ödənilməsinə nəzarət etmək imkanı əldə edir. Fondun saytında fəaliyyət göstərən elektron xidmətlər bölməsi vasitəsilə öz gələcək pensiyasının məbləğini elektron qaydada hesablamaq imkanına malikdir. Məcburi dövlət sosial sığorta haqlarının müəyyən hissəsi sığortaolunanların yığım hesablarına yönəldilir. Qeyri-dövlət pensiya fondları sığortaolunanların fərdi yığım hesablarında toplanan vəsaitlərin idarə olunmasında iştiraka cəlb edilir.

O qeyd edib ki, pensiyaçılara münasibətdə isə vətəndaşın pensiya təyinatı üçün hər hansı sənəd təqdim etməsinə ehtiyac qalmır və yalnız ona pensiya təyin edilməsi üçün müvafiq müraciətini elektron qaydada (istədikdə poçt vasitəsilə) Fonda ünvanlayır. "Yaşa görə pensiya üçün tələb olunan şəxsiyyət vəsiqəsi barədə məlumatlar Fondla Daxili İşlər Nazirliyi arasındakı elektron əlaqə ilə təmin olunur, sosial sığorta şəhadətnaməsi və digər sosial sığorta parametləri barədə məlumatlar isə Fondun mərkəzi məlumat sistemində olur. Əlilliyə görə pensiya üçün Fondla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasındakı elektron əlaqə ilə əlillik qrupunun verilməsi barədə müvafiq məlumatlar alınır, digər məlumatlar isə Fondun mərkəzi məlumat bazasından götürülür. Ailə başçısını itirməyə görə pensiya üçün Fondla Ədliyyə Nazirliyi arasındakı elektron əlaqə ilə vəfat etmiş şəxs barədə və ya onun ailə üzvləri barədə məlumat əldə edilir, digər müvafiq məlumatlar isə Fondun mərkəzi məlumat bazasından götürülür. Vətəndaşların elektron müraciətləri əsasında pensiya təyinatı avtomatlaşdırılmış qaydada vahid mərkəzdən aparılır. Təyin olunmuş pensiyaların avtomatlaşdırılmış ödənişini təmin etmək üçün Fonddan vətəndaşın yaşadığı ərazi üzrə tenderin qalibi kimi ödəniş xidmətini həyata keçirən bank şöbəsinə pensiyaçıya plastik kartın hazırlanaraq təhvil verilməsi barədə elektron göstəriş göndərilir. Pensiya təyinatı aparıldıqdan sonra pensiyaçıya təyin olunmuş pensiyasının məbləği və avtomatlaşdırılmış ödəniş üçün plastik kartın hansı ödəniş təşkilatından təhvil götürülməsi barədə elektron poçt (əgər vətəndaşın e-mail ünvanı varsa) və adi poçt vasitəsilə rəsmi məlumat verilir. Pensiyaların hesablara köçürülməsi hər ay eyni gündə mərkəzləşdirilmiş şəkildə aparılır. Sığortaolunanların fərdi yığım hesablarında toplanan vəsaitlər pensiyalarının artımına yönəldilir", - Fond sədri deyib.

Müslümov bəyan edib ki, beləliklə, 2020-ci ildə Azərbaycan Respublikasının sığorta-pensiya sistemində vətəndaşla Fondun əməkdaşları arasında birbaşa əlaqə (kontakt) yarada bilən bütün hallar aradan qaldırılır, həm sığortaedənlərin uçota alınması, məcburi dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi, fərdi uçotunun aparılması, fərdi şəxsi hesablardan müvafiq məlumatların əldə edilməsi, Fond tərəfindən bu proseslərə audit və digər vasitələrlə nəzarət edilməsi, həm pensiyaların təyin olunması, həm də onların ödənişi tam avtomatlaşdırılır.

Tədbir təqdimat ətrafında müzakirələrlə işini davam etdirib.

Xəbər lenti

Xəbər lenti