...

Aviqdor Liberman: Azərbaycan İsrail və ərəb dünyası arasında vasitəçi ola bilər (FOTO)

Siyasət Materials 23 Aprel 2012 20:29 (UTC +04:00)
İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmət edir və hesab edir ki, istənilən münaqişənin həlli birbaşa danışıqlar çərçivəsində tapılmalıdır.
Aviqdor Liberman: Azərbaycan İsrail və ərəb dünyası arasında vasitəçi ola bilər (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir S.Ağayeva/

İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmət edir və hesab edir ki, istənilən münaqişənin həlli birbaşa danışıqlar çərçivəsində tapılmalıdır. Bu barədə bazar ertəsi Trend-ə müsahibəsində Azərbaycanda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib.

"Bu, bizimlə fələstinlilər arasındakı vəziyyətdən çıxardığımız əsas nəticədir. Düşünürəm ki, bu həm də burada, Cənubi Qafqaz regionunda bütün baş verənlərdən çıxarılan əsas nəticədir", - Liberman deyib.

Bununla yanaşı, nazirin sözlərinə görə, İsrail hesab edir ki, Azərbaycan İsrail və ərəb dünyası arasında vasitəçi qismində özünü tam sınaya bilər.

"Biz Azərbaycanı məhz İsrail, Fələstin, ərəb dünyası istiqamətində daha aktiv görmək istərdik. Çünki Azərbaycan İsrail də daxil olmaqla, Yaxın Şərq bölgəsinin əksər ölkələri ilə çox yaxşı və sıx münasibətlər saxlayır", - o deyib.

Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında münasibətlər yüksək templə inkişaf edir.

"İsrail və Azərbaycan arasında ticarət balansı 4 milyard dollara çatıb. Bu, Rusiya da daxil olmaqla, bütün MDB ölkələri arasında ən yüksək göstəricidir", - Liberman bildirib.

Nazir qeyd edib ki, iki ölkə arasında siyasi səviyyədə çox sabit və etibarlı münasibətlər qurulub.

"Hesab edirəm ki, münasibətlərimiz çox intensivdir. Ümumiyyətlə, mənə elə gəlir ki, Azərbaycan dünya arenasında siyasi aspektdə də qəbul edilir. Azərbaycanın BMT TŞ-nin üzvü olması şübhəsiz ki, ona tamamilə başqa status verir", - Liberman deyib.

Nazirin sözlərinə görə, Bakıya səfəri zamanı tərəflər bu ilin sentyabrında keçiriləcək BMT Baş Assambleyasının sessiyası çərçivəsində Təhlükəsizlik Şurasındakı məsələlər üzrə siyasi məsləhətləşmələr apardılar.

Bundan başqa, tərəflər kənd təsərrüfatı, tibb, su təsərrüfatı, təhsil, diplomatik pasportlara malik şəxslər üçün viza rejiminin ləğvi sahəsində əməkdaşlıq və İsrailin təklif etdiyi bir sıra sazişlərlə bağlı məsələləri müzakirə ediblər.

İsrailin xarici işlər naziri bildirib ki, Bakı və Təl-Əviv bu sahədə əvvəllər imzalanan bütün sənədlərin fəaliyyətini sürətləndirə bilən xüsusi iqtisadi saziş hazırlayır. Tərəflər bir müddət əvvəl vergi xidmətləri, gömrük orqanlarının əməkdaşlığı sahəsində saziş imzalayıblar. Liberman, həmçinin enerji sahəsində uğurlu əməkdaşlığı qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında əməkdaşlığın hüquqi əsası və müqavilə bazası var.

Bir müddət əvvəl KİV-də İsrailin Azərbaycana hərbi texnika tədarük etməsi haqqında yayılan məlumatı şərh edən Liberman bu məlumatları əsasən ölkələr arasındakı münasibətləri nüfuzdan salmağa yönəldilmiş məqsədyönlü tullantı adlandırıb.

"Mənə elə gəlir ki, sonra bütün bu məsələlərin (silah-sursat tədarükü) müzakirəsi ilə məşğul olan jurnalistlərin bir hissəsinin təxəyyülü xeyli inkişaf edib və onların ən yaxşı elmi fantastik roman müsabiqələrində iştirak etmək vaxtıdır. Jurnalistlərin digər hissəsi Ceyms Bond haqqında filmlərə həddən artıq çox baxıb və bunu jurnalistikada reallaşdırmağa çalışır", - Liberman qeyd edib.

Onun sözlərinə görə, silah-sursatın tədarük edilməsi məsələsi ilə bağlı mətbuatda dərc edilən bütün materiallar həqiqətdən çox uzaqdır.

Xəbər lenti

Xəbər lenti