...

Bolqarıstanın Baş naziri İçərişəhərlə tanış olub (FOTO)

Siyasət Materials 27 Aprel 2012 19:17 (UTC +04:00)
Ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov İçərişəhərdə olub.
Bolqarıstanın Baş naziri İçərişəhərlə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov İçərişəhərdə olub.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, qonağı qarşılayan İdarə rəisi Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin İçərişəhərə göstərdiyi diqqət və qayğı barədə məlumat verib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İçərişəhərin qorunmasında rolundan danışıb.

Qonağın Bakının qədim hissəsi ilə tanışlığı YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş Bakının simvolu - əzəmətli Qız Qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə dolğun məlumat verilməsi ilə başlayıb və yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekpozisiya ilə tanışlıqla davam edib.

Bolqarıstanın Baş naziri Qədim Bakının ticarət əlaqələrindən xəbər verən karvansaralardan biri olan XV əsrin yadigarı Buxara karvansarasında olub, ona karvansaralar və onların təyinatı barədə məlumat verilib.

Gəzinti elektromobillərlə davam edib, Kiçik Qala küçəsində Borisov Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb.

Daha sonra nadir memarlıq incisi olan "Şirvanşahlar Sarayı Kompleksi"ndə olan qonağa Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilib.

Baş nazir İçərişəhər ərazisində dünya əhəmiyyətli üç abidədən biri olan Məhəmməd Məscidində olub və burada aparılmış muzey konservasiyası işləri barədə məlumat qonağın diqqətinə çatdırılıb.

Sonda Bolqarıstanın Baş naziri Boyko Borisov Kiçik Karvansara abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı"nda rəssamlar tərəfindən müxtəlif üslublarda hazırlanmış hücrələrə tamaşa edib və İçərişəhərin Fəxri qonaqlar kitabına öz ürək sözlərini yazıb.

Xəbər lenti

Xəbər lenti