...

Azərbaycan Mexikoda keçirilən "Dost ölkələrin mədəniyyət yarmarkası"nda təmsil olunub (FOTO)

Siyasət Materials 17 May 2012 15:18 (UTC +04:00)
Mexiko şəhərində 15 gün ərzində davam edəcək ənənəvi "Dost ölkələrin mədəniyyət yarmarkası" başlayıb. Yarmarkanın açılış mərasimində Meksikada akkreditə edilmiş diplomatik nümayəndəliklərin başçıları və Mexiko şəhərinin meri Marselo Ebrard iştirak ediblər.
Azərbaycan Mexikoda keçirilən "Dost ölkələrin mədəniyyət yarmarkası"nda təmsil olunub (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend/

Mexiko şəhərində 15 gün ərzində davam edəcək ənənəvi "Dost ölkələrin mədəniyyət yarmarkası" başlayıb. Yarmarkanın açılış mərasimində Meksikada akkreditə edilmiş diplomatik nümayəndəliklərin başçıları və Mexiko şəhərinin meri Marselo Ebrard iştirak ediblər.

Azərbaycanın Meksikadakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, sözügedən sərgi hər il Meksikada fəaliyyət göstərən səfirliklər vasitəsilə bu ölkələrin mədəniyyətinin təbliği və tanıdılması üçün Mexiko şəhərinin hökuməti tərəfindən təşkil edilir. Mədəniyyət yarmarkasında, 2011-ci ildə olduğu kimi, cari ildə də Azərbaycan səfirliyi təmsil olunur.

Yarmarka Mexiko şəhərinin ən iri və mərkəzi prospektlərindən biri olan "Reforma" prospektində təşkil edilib. Təşkilatçıların bildirdiyinə əsasən, 30 milyonadək əhalisi olan Mexiko şəhərində tədbir ərzində bir neçə milyon şəhər sakini və turistlər yarmarkanı ziyarət edəcəklər.

Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, musiqisi, adət-ənənələri haqqında məlumatlarla yanaşı, həmçinin ölkə haqqında məlumatlar, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə broşürlər nümayiş etdirilir və paylanılır. Həmçinin, müxtəlif növ Azərbaycan xalçaları, üzərində ispan dilində "Qarabağ, Azərbaycan", "Azərbaycan - Odlar diyarı" yazılmış köynəklər, idman geyimləri, qolbağılar və digər əşyalar, habelə müxtəlif mili şirniyyat növləri ziyarətçilərə təqdim edilir.

Qeyd edək ki, sərginin təntənəli açılış mərasimində iştirak etmək üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mexiko şəhərinə ezam edilmiş peşəkar sənətçilər tərəfindən Azərbaycanın milli rəqsləri ifa edilir ki, bu da öz növbəsində yarmarkanı ziyarətə gələn Mexiko şəhər sakinləri, çoxsaylı turistlər və Meksikanın kütləvi informasiya vasitələri tərəfindən Azərbaycan üçün ayrılmış əraziyə böyük maraq və diqqət göstərilməsinə səbəb olub.

Həftənin bütün günləri açıq olan sərgi zamanı Azərbaycanın milli musiqisi, rəqsləri, habelə ölkəmizdə turizm imkanlarından bəhs edən videoçarxlar nümayiş etdirilir.

Beynəlxalq yarmarka 2012-ci il mayın 27-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti