...

Elmar Məmmədyarov: "Eurovision" Azərbaycana müstəqillik illərində qazandığı uğurları nümayiş etdirmək imkanı verdi (ƏLAVƏ OlUNUB)

Siyasət Materials 23 May 2012 11:30 (UTC +04:00)
Azərbaycanın dünyada qeyri-idman hadisəsi kimi ən böyük televiziya auditoriyasına malik "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməyə görə iftixarı ölkənin musiqiyə olan sevgisindən daha çox şeyi əks etdirir.
Elmar Məmmədyarov: "Eurovision" Azərbaycana müstəqillik illərində qazandığı uğurları nümayiş etdirmək imkanı verdi (ƏLAVƏ OlUNUB)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın dünyada qeyri-idman hadisəsi kimi ən böyük televiziya auditoriyasına malik "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməyə görə iftixarı ölkənin musiqiyə olan sevgisindən daha çox şeyi əks etdirir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "The Wall Street Journal Europe" qəzetində dərc edilən məqaləsində bildirir.

"O, beynəlxalq cəmiyyətdə ölkənin dirçəlişinə işarə edir və bizə müstəqillik illərində qazandığımız uğurları nümayiş etdirmək imkanı verir", - nazir yazır.

Məqalədə deyilir ki, Azərbaycan Avropa və Asiyanın qovuşduğu yerdə yerləşir, lakin sovet dövründə Avropa ilə əlaqələr praktiki olaraq mümkün deyildi.

"Azərbaycanlıların milli müstəqillik arzuları Avropada çox insana məlumdur. Sovet İttifaqı süquta uğradıqdan sonra Azərbaycan Ermənistanla altı il davam edən və 30 min insanın həyatına son qoyan müharibəyə cəlb olundu. Münaqişə ölkə ərazisinin təxminən beşdə bir hissəsinin işğalına və bir milyona yaxın şəxsin qaçqın və məcburi köçkünə çevrilməsinə gətirib çıxartdı. Həmin illərdəki hadisələr hiperinflyasiya, demək olar, iqtisadi tənəzzül və kəskin siyasi mübarizə ilə müşayiət olundu", - Məmmədyarov yazır.

Nazir məqaləsində qeyd edir ki, Azərbaycan dağılma həddində idi. Müşahidəçilər onun tam müstəqil dövlət kimi yaşaya bilməyəcəyini güman edirdilər.

"Bu gün, 20 illik müstəqillikdən sonra Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Azərbaycanın uğuru ondadır ki, o sürətli iqtisadi inkişafı, eləcə də qeyri-enerji sektorunun davamlı artımını iqtisadi və siyasi stabilliklə birləşdirə bildi. Biz artıq iqtisadiyyatın diversifikasiyası proqramının reallaşdırılmasına başlamışıq", - Məmmədyarov yazır.

Məqalədə qeyd olunur ki, Azərbaycanın 2011-ci ildə Avropa İttifaqı ilə Xəzər neftini Avropa bazarlarına çatdıracaq boru kəmərinin tikintisi haqqında əldə etdiyi razılaşma əsas məqam oldu.

"Eyni sözü ölkəmizin Böyük Britaniya ilə münasibətləri barəsində də demək olar. Azərbaycanda bütün birbaşa investisiyaların yarısı Britaniyanın payına düşür və bu gün Bakıda iri ingilis diasporu yaşayır. Yeri gəlmişkən, Azərbaycanın stabillik və davamlı iqtisadi inkişaf rekordu dini azadlıqların təşviqi və terrorizmə qarşı müharibədə Qərbə etibarlı dəstəklə paralel olaraq baş verir ki, bu da ölkənin 2012-ci ildə BMT Təhlükəsizlik Şurasına daxil olması üzrə uğurlu cəhdinin əsas amillərindəndir", - nazir yazır.

Məqalədə deyilir ki, Azərbaycanda bəzi problemlər var, korrupsiya onların arasında axırıncı sırada deyil.

Nazir yazır ki, lakin bu qlobal hadisədir və Azərbaycanın korrupsiya ilə mübarizəsindəki əhəmiyyətli sıçrayışın heç vaxt işıqlandırılmaması məyusluq doğurur.

Ötən ilin yanvarından başlayan milli antikorrupsiya kampaniyası zamanı onlarla, o cümlədən rəhbər vəzifələrdə çalışan korrupsiyaya uğramış məmur cəzalandırılıb və ya işdən kənarlaşdırılıb, avtomobil cərimələri və gömrük ödəmələrinin toplanmasının yeni sistemi isə rüşvət almaq imkanlarını kəskin şəkildə azaldıb.

Nazir yazır ki, Azərbaycan bəzi Qərb QHT-ləri tərəfindən insan haqları və demokratik islahatların sürəti məsələləri ilə bağlı sərt tənqidlərlə üzləşib.

"Qəribədir ki, tənqidçilər, şübhəsiz, dövrümüzdə insan haqlarının ən böyük pozuntusu olan Azərbaycan əhalisinin Ermənistanla müharibədə Dağlıq Qarabağdan və ona bitişik rayonlardan zorla köçürülməsini nəzərə almırlar", - Məmmədyarov yazır.

Məqalədə qeyd olunur ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxmasına çağıran BMT TŞ-nin qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, Ermənistan bir addım da geri çəkilməyib.

"Münaqişənin həll olunmamasına baxmayaraq, fikrimcə, Ermənistanın "Eurovison 2012"-də iştirakdan imtina etməsi səhv idi. Bu hadisə siyasi deyil, musiqi jesti olmalı idi", - Məmmədyarov yazır.

Azərbaycanı tənqid edənlər həmçinin "Eurovision" müsabiqəsinin keçirildiyi "Bakı Kristal Zalı"nın inşası üçün müəyyənləşdirilən yerin boşaldılması üçün Bakı sakinləri ilə bağlı vəziyyəti də düzgün göstərmirlər. Nazirin sözlərinə görə, tikintinin əsas hissəsi keçmiş hərbi-dəniz bazasının yerində aparılır.

"İnsanlar köhnə və pis vəziyyətdə olan, istənilən halda sökülməli olan evlərdən köçürülüblər. Bununla yanaşı, onlara bazar qiymətlərindən xeyli yuxarı məbləğdə pul təzminatı ödənilib", - nazir deyib.

Məmmədyarov yazır ki, sadə azərbaycanlılar hər şeyi Qərb müşahidəçilərindən daha yaxşı anlayırlar.

Məqalədə deyilir ki, ötən il Britaniyanın "Populus" şirkətinin keçirdiyi sorğu göstərir ki, azərbaycanlıların 70 faizi onların ölkəsinin azadlıq və demokratiya baxımından son 15 il ərzində yaxşılaşdığını hesab edirlər, sorğu iştirakçılarının 80 faizi isə siyasətin ümumi istiqamətini dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti