Azərbaycan, Bakı 29 may /Trend, müxbir E. Əliyev/
Bazar ertəsi günü Roma şəhərində "Westin Excelsior" mehmanxanasında Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi tərəfindən Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edilmişdir. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyində məlumat verilib.
Ziyafətdə İtaliyanın parlament üzvləri, Nazirlər Şurası, Xarici İşlər Nazirliyi və digər dövlət qurumları, biznes dairələri, elm-tədqiqat mərkəzləri, yerli mətbuat orqanları və Romadakı diplomatik korpusun nümayəndələri, eləcə də İtaliyada yaşayan azərbaycanlılar iştirak etmişlər.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqları salamlayaraq, Azərbaycanın qədim dövlətçilik ənənələrindən, 28 May - Respublika Gününün tarixindən danışmışdır. Səfir, 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə həyata keçirilən mühüm islahatlar və uğurlu xarici siyasətin nəticəsində bu gün ölkəmizin güclü və sürətlə inkişaf edən iqtisadiyyatı ilə Cənubi Qafqazda lider ölkə, eləcə də cənubi-şərqi Avropada möhkəm demokratiyaya çevrildiyini qeyd etmişdir. V.Sadıqov ölkəmizin həmçinin beynəlxalq arenada fəal iştirakçı olduğunu və Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini vurğulamışdır.
Səfir öz çıxışında Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün kimi öz torpaqlarından ayrı düşdüyünü qeyd etmişdir.
Səfir Sadıqov çıxışında həmçinin Azərbaycan-İtaliya əlaqələrinə toxunaraq, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinin qeyd edildiyini xatırlatmışdır. Hazırda Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirən səfir, habelə iqtisadi sahədə də İtaliyanın son 5 ildə ölkəmizin ən iri ticarət tərəfdaşı olmaqda davam etdiyini vurğulamışdır.
Sadıqov mədəniyyət və təhsil sahəsində də əməkdaşlıq əlaqələrinin genişləndiyindən məmnun olduğunu qeyd etmişdir.
Qəbulda nümayiş etdirilmiş Azərbaycanla bağlı videofilm və səsləndirilmiş Azərbaycan musiqisi qonaqların xüsusi marağına səbəb olmuşdur. Qonaqlara həmçinin ölkəmiz haqqında kitab və jurnallar da təqdim edilmişdir. Mərasimə üç yüzdən artıq qonaq qatılmışdır.