Azərbaycan, Bakı, 2 avqust /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Peru Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Rafael Roncagliolo ilə görüş keçirib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rafael Roncagliolo Elmar Məmmədyarovun səfərindən məmnun olduğunu qeyd edib və Qafqaz regionunun dinamik inkişaf edən ölkəsi olan Azərbaycanla əməkdaşlığın aparılmasında maraqlı olduqlarını bildirib. Azərbaycanı Qafqaz regionunun "qapısı" adlandıran perulu nazir ikitərəfli münasibətlərin genişləndirilməsi üçün müqavilə-hüquq bazasının yaradılmasının vacibliyini xüsusi vurğulayıb.
Nazir Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə səfəri çərçivəsində keçirdiyi görüşlər barədə qısa məlumat verib və Azərbaycanın digər qitə ölkələri kimi Peru ilə də əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Peru Respublikasının Prezidentinə ünvanladığı məktubu Rafael Roncaglioloya təqdim edən Elmar Məmmədyarov onun yüksək ünvan sahibinə çatdırılmasını xahiş edib.
İki ölkə arasında siyasi səviyyədə əlaqələrin inkişaf etdirilməsinin iqtisadi sahədə əməkdaşlıq üçün möhkəm zəmin yaradacağını qeyd edən Elmar Məmmədyarov bunun üçün qarşılıqlı rəsmi səfərlərin davam etdirilməsinin, biznes forumların təşkil edilməsinin və mədəniyyət tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov perulu həmkarına Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli istiqamətində aparılan danışıqlar barədə ətraflı məlumat verib.
Sonda Azərbaycanın xarici işlər naziri Rafael Roncagliolonu Azərbaycana səfərə dəvət edib. Perulu nazir dəvəti məmnuniyyətlə qəbul edib.
Məmmədyarov Peru Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin enerji və mədən naziri Jorge Merino ilə görüşüb.
Görüşdə energetika sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları, bu sahədə məlumat və mütəxəssislərin mübadiləsi təklifi ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Jorge Merinoya ölkəmizin iştirakı ilə reallaşdırılan regional layihələr, o cümlədən BTC neft və BTƏ qaz kəməri barədə məlumat verib.