Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir A.Tağıyeva/
Türkiyə bir müddət əvvəl Suriyada qaçırdılmış İran vətəndaşlarının azad edilməsində rəsmi Tehrana kömək etməyə hazırdır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
"Türkiyə əvvəllər də münaqişə tərəfləri arasında vasitəçi qismində çıxış edib. Ölkə Suriya müxalifəti tərəfindən qaçırdılan İran vətəndaşlarının azad edilməsi üçün öz köməyini göstərəcək", - Davudoğlu qeyd edib.
O, həmçinin bildirib ki, Suriya məsələsi üzrə Türkiyə və İran arasında fikir ayrılığı Türkiyənin iranlıların azad edilməsi ilə bağlı fəaliyyətinə təsir etməyəcək.
Davudoğlunun sözlərinə görə, İranın bir sıra rəsmi şəxslərinin Türkiyənin ünvanına söylədiyi ifadə və təhdidləri həm iki ölkənin münasibətlərinə, həm də Tehranın beynəlxalq imicinə zərər vurur.