...

Azərbaycanın İordaniyaya yeni təyin olunmuş səfiri etimadnaməsini Kral II Abdullaha təqdim edib (FOTO)

Siyasət Materials 4 Sentyabr 2012 00:39 (UTC +04:00)
Bazar ertəsi Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sabir Ağabəyov Basman sarayında qarşısından keçərək Əlahəzrət Kral II Abdullaha etimadnaməsini təqdim edib.
Azərbaycanın İordaniyaya yeni təyin olunmuş səfiri etimadnaməsini Kral II Abdullaha təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycanın İordaniya Haşimilər Krallığına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sabir Ağabəyov Kral II Abdullaha etimadnaməsini təqdim edib.

Azərbaycanın İordaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, mərasim zamanı səfirin şərəfinə fəxri qarovul düzülüb və Azərbaycanın himni səsləndirilib. Etimadnaməsini Krala təqdim etdikdən sonra dövlətimizin başçısı İlham Əliyevin iordaniyalı həmkarına səmimi salamlarını çatdıran səfir Ağabəyov, hər iki ölkənin başçıları arasındakı səmimi dostluq münasibətləri sayəsində Azərbaycan-İordaniya əlaqələrinin sürətlə inkişafından danışıb.

Öz növbəsində, Azərbaycan Prezidenti və yaxın dostu İlham Əliyevə səmimi salamlarının və xoş arzularının çatdırılmasını xahiş edən Kral II Abdullah, ölkəmizin yeni səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Ölkələrimizin dostluq, qardaşlıq münasibətlərindən məmnunluğunu ifadə edən İordaniya dövlət başçısı, əlaqələrimizin daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb, səfir Ağabəyovun İordaniyadakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Görüş zamanı Ağabəyov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) cari ilin 16 oktyabr tarixində Bakıda keçiriləcək 12-ci sammitində iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Kral II Abdullaha ünvanlanmış dəvət məktubunu İordaniyanın dövlət başçısına təqdim edib.

Görüşdə səfirliyin müşaviri Hüseyn Rəhimli, Kral Divanının rəhbəri Riyad Əbu Kərəki və İordaniyanın xarici işlər naziri Nasir Cudeh də iştirak edib.

Sonra protokola uyğun olaraq, səfir Ağabəyov İordaniya Haşimilər Krallığının keçmiş dövlət başçıları Kral I Abdullah, Kral Talal və Kral Hüseynin məqbərələrini ziyarət edərək əklillər qoyub.

Mərasim zamanı Azərbaycanın İordaniyadakı səfirini səfirliyin müşaviri Hüseyn Rəhimli müşayiət edib.

Xəbər lenti

Xəbər lenti