Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Niderland Krallığının Baş nazirinin müavini, eyni zamanda, iqtisadi əlaqələr, kənd təsərrüfatı və innovasiyalar naziri postlarını tutan Maksim Verhagen (Maxime Verhagen) sentyabrın 12-14-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Niderlandın Azərbaycandakı səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Maksim Verhagenin həmkarları və digər dövlət rəsmilərinin iştirakı ilə keçiriləcək görüşlər əsnasında ikitərəfli münasibətlərin cari vəziyyəti, ticarət və investisiya sahələrində gələcək əməkdaşlıq perspektivləri, eləcə də Niderland və Azərbaycanın təhsil institutları və universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Verhageni su təsərrüfatı, liman tikintisi, loqistika, infrastruktur, informasiya texnologiyaları və elektronika, kənd təsərrüfatı və səhiyyə texnologiyaları kimi sahələrdə fəaliyyət göstərən 12 aparıcı Niderland şirkətindən ibarət işgüzar nümayəndə heyəti müşayiət edəcək.
Bu səfər çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə sentyabrın 13-də "Marriott Absheron Hotel" mehmanxanasında biznes forumu təşkil olunacaq.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ilin əvvəllərində Niderland Krallığında, bu ölkənin infrastruktur və ətraf mühit naziri Melani Şults van Haygen isə Azərbaycanda səfərdə olublar.