...

Millət vəkili: Azərbaycan öz təhlükəsizliyinin təmini üçün digər dövlətlərlə birgə hərbi birliklər formalaşdırmalıdır

Siyasət Materials 14 Sentyabr 2012 19:24 (UTC +04:00)
Azərbaycan öz təhlükəsizliyinin təmini üçün digər dövlətlərlə birgə hərbi birliklər formalaşdırmalıdır.
Millət vəkili: Azərbaycan öz təhlükəsizliyinin təmini üçün digər dövlətlərlə birgə hərbi birliklər formalaşdırmalıdır

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan öz təhlükəsizliyinin təmini üçün digər dövlətlərlə birgə hərbi birliklər formalaşdırmalıdır. Bunu Trend-ə Milli Məclisin deputatı, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc rusiyalı siyasətçi Vladimir Jirinovskinin bəyanatına münasibət bildirərkən deyib.

"Jirinovskinin siyasi naturası bir çoxlarında qıcıq doğursa da, onun qeyri-ciddi ampluada olduğunu söyləsələr də, mən bu mövqeni qəbul etmirəm. O, Rusiyada mühüm qüvvələrin təmsilçisidir və daha sıx şəkildə kəşfiyyat strukturları ilə birgə uzun on illərdir ki Dumada hakimiyyətin militarist, millətçi dairələrin sözçüsüdür və bu mənada onun təkliflərini, bəyanatlarını sadəcə sıradan, adi qiymətləndirmək yanlışdır", - Oruc bildirib.

Millət vəkilinin fikrincə, Jirinovskinin ermənipərəstliyi onunla əlaqəlidir ki, həmin ölkənin insanları onu dəfələrlə Ermənistana dəvət ediblər, erməni lobbiçiləri onunla çox yaxın münasibətdədirlər.

"Odur ki, həm Rusiyanın daha böyük məkanda siyasəti naminə, həm də ermənipərəstlərin Azərbaycan əleyhinə bəyanatlarını səsləndirmək üçün onun mütəmadi bu cür sərt açıqlamalarını görürük. Əgər həqiqətən də Rusiya Ermənistana bilavasitə hərbi dəstək verməklə Azərbaycan ərazilərində möhkəmlənməlidirsə, biz onu göz altına almalıyıq ki, kontur tədbirlər görülsün", - Zahid Oruc deyib.

Millət vəkili hesab edir ki, Azərbaycan öz təhlükəsizliyinin təmini üçün qardaş Türkiyə ilə, eləcə də digər dövlətlərlə birgə hərbi birlliklər formalaşdırmalıdır.

"O cümlədən biz beynəlxalq hərbi qurumlara daha yaxından transformasiya olmalıyıq. Azərbaycan burada Rusiyanın əleyhinə bloklar formalaşdırmır, amma təhlükəsizliyin təmini də digər dövlətlərlə birgə addımlardan asılıdır. Ona görə də biz Jirinovskinin bəyanatlarına qarşılıq verərək parlament təmsilçiləri kimi Rusiya Dövlət Dumasına müraciətlər edirik. Eyni zamanda, mən həmişə düşünmüşəm ki, Jirinovskini Azərbaycana dəvət etmək lazımdır, amma paralel şəkildə öz təhlükəsizlik tədbirlərimizi də görməliyik", - Zahid Oruc vurğulayıb.

Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bəyan edib ki, Rusiya hərbi yardım edərək Ermənistan ordusunu Yaxın Şərqin ən güclü ordusuna çevirməlidir.

Xəbər lenti

Xəbər lenti