...

Əli Həsənov: YAP Azərbaycanın idarəçiliyilə bağlı bitkin konsepsiya formalaşdırmış yeganə siyasi təşkilatdır (MÜSAHİBƏ)

Siyasət Materials 12 Noyabr 2012 13:46 (UTC +04:00)
Əslində, bu, təbii bir haldır. Çünki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının ehtiyaclarından yaranmış bir partiyadır
Əli Həsənov: YAP Azərbaycanın idarəçiliyilə bağlı bitkin konsepsiya formalaşdırmış yeganə siyasi təşkilatdır (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü Əli Həsənovun yap.org.az sayatına müsahibəsi

- Əli müəllim, bəlli olduğu kimi, noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ili tamam olacaq və bu tarixi hadisə artıq ölkənin bütün bölgələrində ruh yüksəkliyilə qeyd olunmaqdadır. İlkin olaraq, Sizdən Yeni Azərbaycan Partiyasına olan ümummilli rəğbətin səbəbləri haqqında danışmağınızı xahiş edirik...

- Əslində, bu, təbii bir haldır. Çünki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının ehtiyaclarından yaranmış bir partiyadır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri, sözün həqiqi mənasında, Azərbaycan xalqının Ümummilli lideri olan Heydər Əliyev ölkənin ictimai-siyasi, daxili ehtiyaclarından, insanların düçar olduğu gündəlik qayğılardan, problemlərdən, dövlətin rastlaşdığı gərgin vəziyyətdən çıxış edərək, bir qrup qabaqcıl ziyalıların müraciətinə cavab verdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməsinə razılıq verdi. Bu partiya həqiqətən, Azərbaycanın o dövrdəki siyasi çətinliklərindən irəli gələrək yaradıldı və qısa müddət ərzində ümummilli partiyaya çevrildi.
Qeyd edim ki, həmin dövrdə Azərbaycanda partiyaların təsnifatı sağçılar, solçular, kommunistlər, müəyyən qədər daha çox fərqli insan təbəqəsini, qruplarını təmsil edən ideoloji postulatlar üzərində qurulurdusa, Yeni Azərbaycan Partiyası birbaşa bütün xalqın maraqlarının ifadəçisi formasında meydana çıxdı və qısa müddət ərzində təşkilatlanaraq, bütün xalqın partiyası statusunu aldı. Təxminən, yarandığı noyabr ayından iyun ayına qədər olan 6-7 ay ərzində fövqəladə vəziyyətdə təşkilatlanma kursu keçdi, bütün ölkə ərazisində partiyanın şəhər və rayon təşkilatlarının yaradılması istəyilə meydana çıxan ziyalılar onun təsis konfranslarını keçirdilər.
Baş verən hadisələrin fonunda Heydər Əliyevin o dövrkü hakimiyyət tərəfindən Bakıya dəvət olunmasına, xalqın tələbilə yenidən parlamentə sədr, qısa vaxtdan sonra Prezident seçilməsinə qədər artıq Yeni Azərbaycan Partiyası çətin bir şəraitdə təşkilatlanmışdı, formalaşmışdı və bitkin siyasi təşkilata çevrilmişdi. Sonrakı hadisələr isə göstərdi ki, YAP Azərbaycanın taleyini çiyinlərinə götürməyə, onun idarəçiliyini əlinə almağa və dövləti, xalqı həmin böhranlı vəziyyətdən çıxarmağa qadir partiyaya çevrilmişdi.
Məhz, Yeni Azərbaycan Partiyasının yubileyinin bütün şəhərlərdə, rayonlarda, hətta, kənd və qəsəbələrdə, mərkəzi və yerli təşkilatlarda, ayrı-ayrı kommersiya qurumlarından tutmuş müxtəlif ictimai qurumlara qədər bütün Azərbaycanı təmsil edən institutlarda qeyd olunması, partiyanın 20 illik fəaliyyətinə nəzər salınması, onun dövlətçiliyin qorunması və inkişaf etdirilməsi baxımından işləri yüksək dəyərləndirilməsi təbii haldır. Vurğuladığım kimi, YAP ümumxalq partiyası kimi yaranıb və bu gün də həmin statusda Azərbaycanı idarə edir, gələcəkdə də xalıqımızın bütün ehtiyaclarına, istək və arzularına cavab verə bilən partiya kimi qalacaq.

- Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının yaranma dövrünə nəzər saldıqda, gözümüzün önündə xaos, ideologiyasızlaşmış bir mənzərə canlanır. Həmin dövrün ictimai-siyasi proseslərini təhlil etmiş olsaq, hansı nəticələrə gələ bilərik?

- Əlbəttə ki, Yeni Azərbaycan Partiyası nəinki, idarəolunmaz, hətta, Azərbaycanın idarəçiliyində ciddi böhranın, anarxiyanın hökm sürdüyü bir dövrdə yaranmışdı. Yeni Azərbaycan Partiyası nə üçün yarandı sualına cavab olaraq, bildirilməlidir ki, o zamanki hakimiyyət Azərbaycanı idarə edə bilmirdi, ölkəmiz həm daxildən, həm də xaricdən ciddi problemlərlə qarşılaşırdı. Həmçinin, Azərbaycan faktiki olaraq, parçalanma və vətəndaş qarşıdurmasının başlanma ərəfəsində idi. Eyni zamanda, vurğulanmalıdır ki, həmin ərəfədə respublikada qanunlara riayət olunmurdu, günahsız vətəndaşlar həbslərə atılırdı, insanların evlərinə və əmlaklarına quldur basqınları olurdu, bütövlükdə, cəmiyyətdə bədbin ruhda yaşayırdı. Belə bir vəziyyətdə isə insanlarda idarəçilikdəki böhranla bağlı ciddi düşüncələr formalaşırdı. Elə bu səbəbdən idi ki, Azərbaycandakı qabaqcıl ziyalılar, Naxçıvanda fəaliyyət göstərən Ulu öndər Heydər Əliyev vəziyyətdən çıxış yolu axtarırdılar.
Xatırlayıram ki, həmin dövrdə Azərbaycan ziyalılarının bir qrupu Ümummilli lider Heydər Əliyevə etdikləri və gələcəyə çox bədbin notlarla köklənmiş müraciətlərinə cavabında Ulu öndər o zamanın ciddi siyasi-politoloji təhlilini vermişdi. Heydər Əliyev cavabında deyirdi ki, hal-hazırda Azərbaycan dövləti bir yana, xalqımız digər tərəfə heç kəs ölkənin gələcəyilə bağlı tələb olunan və görülməsi vacib olan işlərin yerinə yetirilməsinə çalışmır. Azərbaycanı idarə edənlər isə nə edəcəklərini birmirlər, dövlət strukturları da situasiyanı nəzərə almadan əsassız bəyanatlarla çıxış edirlər, bunun nəticəsində də ölkə daxilində vətəndaş qarşıdurması yaranır. Həmçinin, qanunsuz silahlı qruplar Azərbaycan xalqına divan tutur, hakimiyyət uğrunda mübarizədə vətəndaşlarımız qırılır, ayrı-ayrı düşərgələrə cəlb olunmuş insanlar dövlətə qarşı istifadə olunur və xarici anti-Azərbaycan dairələri ölkəni tədricən parçalamağa doğru aparırlar. Belə bir vəziyyətdə isə qarşısıalınmaz situasiya yarana və Azərbaycan parçalana bilər. Əgər biz məsuliyyəti öz üzərimizə götürürüksə, partiya yaradırıqsa, əlbəttə ki, ilk növbədə hakimiyyətə gəlməyi deyil, Azərbaycan xalqını düşdüyü ağır vəziyyətdən çıxarmaq missiyasını həyata keçirməliyik, dağılmaq, məhv olmaq təhlükəsilə üz-üzə olan dövlətimizin gələcək idarəçiliyini qurmalıyıq.
Xüsusilə vurğulamaq istəyirəm ki, Heydər Əliyev həmin dövrdə YAP-ı müxalifət partiyası kimi yaratmırdı. Ümummilli lider Heydər Əliyev mərhum Əbülfəz Elçibəyə qarşı çağırışlar etmirdi, əksinə, insanlara səslənərək, onları prezidentin ətrafında birləşərək, ölkəni vəziyyətdən çıxarmağı tövsiyə edirdi. Lakin sonrakı proseslər göstərdi ki, o zamanki hakimiyyət cəmiyyətin sağlam qüvvələrini dövlətin ətrafında birləşdirərək, Azərbaycanı düşdüyü vəziyyətdən çıxarmaq iqtidarında deyil. Ona görə də, xalq Yeni Azərbaycan Partiyasını hakimiyyətə gətirdi və bu siyasi təşkilat dövlətin bütün strukturlarında təmsil olunaraq, Azərbaycan həmin çətin situsiyadan çıxartdı.

- Aydındır ki, Yeni Azərbaycan Partiyasının yaradılması bir tərəfdən xalqın siyarişi idi. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycan xalqının Ulu öndər Heydər Əliyevə olan böyük məhəbbəti də bu işdə yüksək rol oynadı. Məsələyə bu konteksdə yanaşıldıqda, hansı qiymətləndirməni etmək olar?

- Bu konteksdən yanaşdıqda, Yeni Azərbaycan Partiyasının yaranma və inkişaf tarixini təxminən, üç mərhələyə ayırmaq olar. Birincisi, 1993-cü ilin 15 iyun tarixinə - Azərbaycanın xalqının qurtuluş gününə qədərki dövrdə ziyalılar narahatlıqlarını və çalışmalarını birləşdirərək, Ümummilli lider Heydər Əliyevin ətrafında birləşərək, qərara gəldilər ki, xalqın mütləq əksəriyyətini təmsil edəcək, dövlətin gələcəyilə ürəyi döyünəcək, bütün daxili ictimai-siyasi və iqtisadi potensialı birləşdirərək, sözün həqiqi mənasında bir ümumxalq hakimiyyəti formalaşdıra biləcək partiyanın yaranmasına ehtiyac var. Məhz, partiya yaranma ərəfəsindən, təxminən, noyabr ayından iyunadək ciddi təşkilatlanma mərhələsi keçdi. Yəni, bu mərhələdə Yeni Azərbaycan Partiyası təşkilatlandı, Azərbaycanı öyrəndi, onun gələcək idarəçiliyilə bağlı bitkin konsepsiya ortaya qoydu. Həmçinin, Yeni Azərbaycan Partiyası Azərbaycanın perspektiv inkişafı ilə bağlı fikir və düşüncələrini cəmiyyətə təqdim etdi.
İkinci mərhələ bilavasitə 1993-cü ilin iyun ayından başlanan YAP-ın hakimiyyətdə təmsilçiliyilə bağlıdır. Bu dövrdə Yeni Azərbaycan Partiyası Azərbaycanın perspektiv inkişafı ilə bağlı hazırladığı konsepsiyanı reallaşdırmağa başladı. Bu partiya ölkədə daxili və xarici idarəçiliyi, iqtisadi, siyasi, sosial və quruculuq sahəsindəki işləri kortəbii şəkildə, əvvəlki hakimiyyətlər dövründə bəlli məqsədi, məramı, vahid xətti olmayan üsullarla deyil, mərkəzdən idarə olunan bitkin bir konsepsiya ilə reallaşdırdı. Üçüncü mərhələ isə sonrakı inkişaf dövrü ilə əlaqəlidir. Bu gün bəziləri deyirlər ki, Heydər Əliyev Azərbaycanı nədən xilas etdi və Yeni Azərbaycan Partiyasının ölkənin inkişafında rolu nədən ibarətdir? Əlbəttə ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi, o cümlədən, Yeni Azərbaycan Partiyası da Onunla birgə bu missiyanın həyata keçirilməsində iştirak etdi. Bu gün isə reallaşdırılmış bitkin dövlətçilik konsepsiyası YAP-ın Sədri, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilməkdədir.
Həqiqətən, Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyev başda olmaqla, hakimiyyətə gələnə qədər o zamanki iqtidar nə edəcəyini, nədən başlayacağını, hara gedəcəyini, hansı məqsəd və resurslarla bunları edəcəyini bilmirdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra, Yeni Azərbaycan Partiyasının rəhbərliyində partiyanın bilavasitə iştirakı ilə dediyim işləri həyata keçirdi. Ona görə də, YAP-ın bu rakursda fəaliyyətinə və tarixinə yanaşdıqda, bu partiya Azərbaycan dövlətini parçalanmaqdan xilas edib, başda Heydər Əliyev olmaqla, dövlət quruculuğunu həyata keçirib, Ondan sonra da bu proses davam etdirilir.

- Əli müəllim, məhz, bu konteksdə Sizin dahi şəxsiyyət Heydər Əliyevlə bağlı xatirələrinizi eşitmək istərdik...

- Ulu öndərlə ilk tanışlığım 1990-cı ilin yanvar ayında olub. Bilirsiniz ki, həmin zaman sovet ordusu Azərbaycan xalqının qanını axıtmışdı, Bakıda qırğınlar törədilmişdi və faktiki olaraq, insanlarımız yas içərisində idi. Həmin vaxt Ümummilli lider Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu hadisəyə qiymət və Azərbaycan xalqına başsağlığı verdi. O dövrki SSRİ hakimiyyətinin rəhbərliyində olan Qorbaçov, Bokatin, Yazov və digərlərini ittiham edərək, onların nə vaxtsa, Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlarını bəyan etdi.
Həmin vaxtlarda mən Moskvada aspiranturada təhsil alırdım və o zaman Ümummilli liderimizlə yaxınlaşmamız baş verdi. Təxminən 1990-cı ilin may ayının sonu iyunun əvvəllərində Azərbaycana gələn Heydər Əliyevi müşayiət edən 3 adamdan biri mən oldum. Lakin Mütəllibov hakimiyyəti Ulu öndərimizin qarşısına öyrədilmiş xüsusi qrup çıxarmışdı və onlar da əsassız olaraq, deyirdilər ki, Heydər Əliyev Azərbaycana qayıtmasın. Lakin tarixi təcrübə göstərdi ki, həmin insanların atdıqları addımlar çox yalnış idi. Çünki, həmin vaxtda Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyev kimi dahi siyasətçiyə ehtiyacı vardı. Amma Ona Bakıda yaşamağa imkan vermədilər, bu səbəbdən də, Heydər Əliyev Naxçıvana getməli oldu.
Mən Naxçıvanda da Ümummilli liderin yanında idim. O zaman Ulu öndərin Naxçıvan fəaliyyətini işıqlandırmaq üçün "Azadlıq" radiosu, Amerikanın səsi, Alman dalğası və digər beynəlxalq KİV-lərə müraciətlər edirdik. Beləliklə də, Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü başlandı.
Həmin vaxtda Onun deputatlığa namizədliyi Naxçıvan əhalisi tərəfindən irəli sürüldü. Heydər Əliyev deputat seçiləndən sonra isə mən təhsilimi davam etdirmək üçün yenidən Moskvaya qayıtdım.
Ulu öndərlə növbəti təmasımız 1992-ci ildə - mən təhsilimi başa vurub Naxçıvana qayıtdıqdan sonra oldu. O vaxt mən Naxçıvan Dövlət Universitetində işləyirdim və Azərbaycanın gələcəyilə tarixi qərarın verilməsi üçün ziyalıların Ulu öndərlə görüşlərini, müraciətini yaxından izləyirdim. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsində, onun Naxçıvanda şəhər və rayon təşkilatlarının yaradılması və təşkilatlanması prosesində də iştirak etdirdim. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının ideoloji şöbəsinin müdiri işləməyə başladım, 1994-cü ilin sonu 1995-ci ilin əvvəllərindən isə Prezident Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri kimi fəaliyyətimi davam etdirdim.
Əlbəttə ki, Onunla təmasda olduğum müddətdə bir daha əmin oldum ki, Heydər Əliyev unikal bir ŞƏXSİYYƏT idi. Azərbaycan dövlətini və xalqını sevməyin əsil nümunəsini ortaya qoymuş ən böyük AZƏRBAYCANLI idi. Onun ölkəyə rəhbərlik etməsi faktı isə dövlət idarəçiliyinin fenomenal nümunəsini ortaya qoydu. Heydər Əliyev elə bir dahi siyasətçi idi ki, Onun düşüncələri ölkə sərhədlərini aşaraq, qlobal səviyyəli idarəçiliyin qurulması qüdrətində idi. Ümummilli lider xarizmatik bir siyasətçi idi və Onun siyasi rəhbərlik nümunəsi nəinki, həmin dövrün insanları, hətta, gələcək nəsillər üçün də örnəyə çevrildi. Bu mənada demək istərdim ki, Ümummilli liderin qurduğu dövlət və yaratdığı komanda hələ çox illər Onun ideyaları ilə yaşayacaq. Onun formalaşdırdığı milli dövlət, siyasət perspektivdə kimlərin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycan üçün yeganə inkişaf yolu olacaq. Əminəm ki, gələcək nəsillər və partiyalar da Heydər Əliyevin fəaliyyətini özlərinə nümunə kimi götürəcəklər və fikirlərini, düşüncələrini Ulu öndərin təlimi üzərində əsaslandırmağa çalışıcaqlar.

- Bu gün isə sevindirici haldır ki, Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP-ın III qurultayında partiyanın Sədri seçilməsi, eyni zamanda, ölkə rəhbərliyinə gəlməsi Azərbaycan üçün hansı dəyişiklikləri şərtləndirdi?

- Faktiki olaraq, Prezident İlham Əliyevin həm ölkə rəhbərliyinə gəlməsi, həm də YAP-ın Sədri seçilməsi Heydər Əliyev siyasi kursunun dönmədən davamının qarantı idi. Təbii ki, o zaman Heydər Əliyevin opponentləri var idi. İstənilən zamanda, istənilən şəxsin opponenti olub. Amma siyasi varis kimi Prezident İlham Əliyevin həm partiya, həm də hakimiyyət başına keçməsi Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun dönmədən, ardıcıl davam etdirilməsi demək idi. Sözün həqiqi mənasında, Heydər Əliyev siyasi kursunun Azərbaycanda alternativi yox idi və yaxın 10 il ərzində bir daha gördük ki, ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra Heydər Əliyevin Azərbaycanın keçid dövrü üçün müəyyənləşdirdiyi siyasətə edilir dövlətin və xalqın ehtiyaclarına uyğun olaraq, müəyyən korrektələr də etdi. Bilirsiniz ki, Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyası bütün gücü ilə bu gün işləyir, Azərbaycanın imkanları getdikcə artır və daxili, xarici çərçivəyə sığmır, ölkəmiz bölgənin tək milli dövləti yox, regional statuslu gücə çevrilir. Həmçinin, Azərbaycanın iqtisadi-sosial, siyasi və digər istiqamətli siyasəti artıq ölkə miqyasını aşmaqla qlobal xarakter daşımağa başlayır.
Heydər Əliyev siyasətinə yalnız müəyyən korrektələr edilir, lakin Azərbaycan dövlətçiliyinin təməl prisiplərinin qorunması, xalqının milli adət-ənənələrinin saxlanması və inkişafı, ölkədə vətəndaş cəmiyyəti quruculuğu prinsipləri və vətəndaşların vahid düşüncə ətrafında birləşdirilməsi ideyası nə qədər ölkəmiz var yaşayacaq.

- Prezident İlham Əliyevin YAP-ın Sədri seçilməsi partiya üçün hansı yenilikləri şərtləndirdi?

- Prezident İlham Əliyevin YAP-a Sədr keçməsindən, ölkə rəhbəri seçilməsindən sonra Azərbaycanın gənclik mühitində ciddi bir canlanma müşahidə olunmağa başladı. Əlbəttə ki, Heydər Əliyev dövlətin xilası, qurulması və inkişafı mərhələsində əvəzedilməz siyasətçi idi. Azərbaycan dövlətçiliyinin yeni dövründə isə, yəni, 2003-cü ildən başlayaraq, Prezident İlham Əliyevin dövlət rəhbəri kimi ölkə gəncliyi mühitinə yeni əhval-ruhiyyə gətirdi. Həqiqətən də, çəkinmədən demək olar ki, 2004-cü ildən başlayaraq, Azərbaycanın inkişafında, YAP-ın fəaliyyətində bütün parametrlər üzrə yeni mərhələ başladı.

- Söylədiklərinizin fonunda Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi sisteminin formalaşdırılması, demokratik ab-havanın yaradılması prosesindəki rolunu qiymətlənlirərdiniz?

- Bu bir faktdır ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlətçiliyinin inkişafının bitkin konsepsiyasını yaratdı, hakimiyyətə gəlmənin sivil ənənələrini formalaşdırdı. Bu mənada YAP 1995-ci ildə çoxpartiyalı sistem əsasında yeni parlament formalaşdırdı, Konstitusiyanı qəbul etdi. Bu Konstitusiyanın isə təməl prinsipləri Azərbaycan demokratik inkişafını şərtləndirir, insanların hüquq və azadlıqlarının bütün spektrlərini təmin edir, ölkənin bazar iqtisadiyyatı yolu ilə dünyanın qabaqcıl dövlətlərilə inteqrasiya xəttini təlqin edir, dövlətimizi bölgənin və dünyanın əsas inkişaf etmiş, sülhvevər ölkələrilə birgəyaşayış normalarına əsaslanan siyasətin həyata keçirilməsini təşkil edir. Əlbəttə ki, YAP bütün bu proseslərin əsasında dayanırdı. Məhz, Ümummilli lider YAP-a söykənərək, dövlətçiliyimizin qorunması və inkişafını həyata keçirirdi. Bu gün isə Prezident İlham Əliyev YAP-a söykənərək, real siyasət həyata keçirməkdədir.

- Əli müəllim, YAP-ın İdarə Heyətinin üzvü kimi sonda yubileyini qeyd edən partiyamızın 600 minə qədər üzvünə hansı sözləri çatdırmaq istərdiniz...

- Sözün həqiqi mənasında, Yeni Azərbaycan Partiyası 20 ildə ciddi inkişaf yolu keçib, təkmilləşib, özünün bütün milli strukturunu formalaşdırıb. Bu gün ölkəmizin elə bir yaşayış məkanı yoxdur ki, orada YAP-ın özək təşkilatları olmasın. Bu mənada YAP-ın 20 illik yubileyi münasibətilə partiya üzvlərinə ilk növbədə yüksək fəallıq arzu edirəm. YAP-ın qabaqcıl nümayəndələrinin daha çox dövlət strukturlarında çalışdığından partiya dövlət quruculuğu işilə məşğuldur. Lakin buna baxmayaraq, partiyanın xüsusilə də, gənclər təşkilatları, ideoloji strukturları əsas aparıcı tendensiyaların önündə dururlar. Düşünürəm ki, elə gənclər cəmiyyətimizin aparıcı qüvvəsi kimi proseslərin önündə durmalıdır.
Əlbəttə ki, bu gün 600 minə qədər üzvü olan Yeni Azərbaycan Partiyası ölkənin həyatında mühüm rol oynayır. Hazırda olduğu kimi, gələcəkdə də dövlətin inkişaf etdirilməsi prosesində əhəmiyyətli mövqe tutacaq. Bu mənada bütün partiya üzvlərinə uğurlar arzulayıram.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti