...

Azərbaycan deputatları 2013-cü il dövlət büdcəsi ilə bağlı təkliflərini səsləndiriblər

Siyasət Materials 13 Noyabr 2012 17:13 (UTC +04:00)
Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında deputatlar 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bir sıra təkliflərlə çıxış ediblər.
Azərbaycan deputatları 2013-cü il dövlət büdcəsi ilə bağlı təkliflərini səsləndiriblər

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında deputatlar 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bir sıra təkliflərlə çıxış ediblər.

Trend-in məlumatına görə, YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı öz çıxışında ipotekaya ayrılan vəsaitin artırılmasını təklif edib.

Qurbanlı bildirib ki, növbəti illərdə "sosial evlər"in tikilməsi məqsədəuyğundur.

"Bunu ipotekanın bir növü kimi qəbul etmək olar və dövlətin müəyyən etdiyi şirkət tərəfindən ehtiyacı olan insanlara uzunmüddətli faizsiz kreditlər verilməklə evlər tikmək olar", - Qurbanlı deyib.

O, həmçinin ölkənin müxtəlif yerlərində yerli-yersiz hasarlamalar olduğunu da vurğulayıb.

Deputat Zahid Oruc nöbəti illərdə ayrıca bəndlə büdcədən Dağlıq Qarabağa vəsaitin ayrılmasını təklif edib.

"Ermənistan Dağlıq Qarabağa 177 milyon dollar vəsait ayırdığı halda, Azərbaycan Naxçıvana 322 milyon manat ayırıb. Ayrıca bəndlə büdcədən Dağlıq Qarabağa vəsait ayrılsa, dünya ictimaiyyəti də Azərbaycanın Ermənistandan qat-qat çox vəsait ayırdığını görər", - Zahid Oruc deyib.

O, həmçinin qeyd edib ki, səhiyyə kimi vacib sahəyə 2013-cü ildə büdcə artımının cəmi 0,5 faiz, digər sahələrə isə 5-10 faiz olması düzgün deyil. Deputatın fikrincə, səhiyyə tədqiqatına 4,2 milyon manat ayrılması da çox azdır.

Millət vəkili Fazil Mustafa çıxışı zamanı bildirib ki, siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsait azdır.

"YAP-dan olan həmkarlarımız bildirirlər ki, hakim partiyanı xalq dəstəkləyir. Əgər YAP-ın həmin vəsaitə ehtiyacı yoxdursa, bu vəsait digər partiyaların inkişafına verilə bilər", - o deyib.

Spiker Oqtay Əsədov deputatın fikrinin paradoks doğurduğunu bildirib.

"Əgər partiyaya xalqın dəstəyi yoxdursa, ona dövlət niyə dəstək verməlidir ki?" - spiker əlavə edib.

YAP-ın icra katibi, deputat Əli Əhmədov büdcə müzakirələri zamanı bildirib ki, növbəti il üçün müəyyən olunan dövlət büdcəsi Azərbaycanın uzun illər ərzində inkişafının göstəricisidir.

Əhmədov gələcəkdə neft amilinin iqtisadi inkişafda önəminin azaldılması məqsədilə özəl sektorun çəkisinin artmasının vacibliyini vurğulayıb: "Kiçik və orta sahibkarlığın inkişafı üçün dövlətin həm maddi dəstəyi, həm də stimullaşdırıcı tədbirləri məqsədəuyğun olar". O, müəllimlərin sayının normativdən çox olduğunu və islahatlar aparmaqla müəllimlərin sayının optimallaşdırılması və əməkhaqqının artırılmasının vacibliyini qeyd edib.

Əhmədov, həmçinin deyib ki, büdcə imkanlarını nəzərə alaraq partiyalara ayrılan vəsaiti 2 dəfəyədək artırmaq olar.

O, büdcə müzakirələrinə bir sıra nazirlərin qatılmamasına öz etirazını bildirib: "Nazirlər burada olmalıdırlar ki, Milli Məclisdə aparılan müzakirələr onların beyinlərinə hopsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti