...

Səfir: İran Azərbaycan xalqının ikinci evidir

Siyasət Materials 13 Dekabr 2012 12:18 (UTC +04:00)
İran Azərbaycan xalqının ikinci evidir və azərbaycanlılar hər zaman səyahət, ziyarət və digər işləri üçün İrana səfər edə bilərlər.
Səfir: İran Azərbaycan xalqının ikinci evidir

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir T.Cəfərov/

İran Azərbaycan xalqının ikinci evidir və azərbaycanlılar hər zaman səyahət, ziyarət və digər işləri üçün İrana səfər edə bilərlər. Bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin Milli Məclisin Azərbaycan və İranın sərhədyanı rayonlarda yaşayan vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında memorandumu ləğv etməsinə münasibət bildirərkən deyib. Bu barədə İranın Azərbaycandakı səfirliyindən Trend-ə ünvanlanan məktubda bildirilir.

Səfir qeyd edib ki, İran həmişə iki ölkə vətəndaşlarının gediş-gəlişini dəstəkləyib və bu məqsədlə proseduru sadələşdirməyə çalışıb.

"İran 2010-cu ilin fevral ayından birtərəfli qaydada Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib və bu qərar hələ də öz qüvvəsindədir", - Pakayin bildirib.

Onun sözlərinə görə, Milli Məclisin iki ölkə arasındakı memorandumu ləğv etməsi ilə bağlı qərarı Azərbaycan vətəndaşlarının İrana getmələrinə maneə yaratmayacaq.

"Bu məsələ iki ölkə arasında xüsusi ilə sərhədyanı zonalarda yaşayan əhalinin ticari əlaqələrindəki prosedurun daha da uzanmasına səbəb olacaq", - səfir bildirib.

Dekabrın 11-də Milli Məclis "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında" Memorandumun təsdiq edilməsi barədə" 2005-ci il qanununun ləğv edilməsi haqqında və "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında" Memorandumun təsdiq edilməsi barədə" 2006-cı il qanununun ləğv edilməsi haqqında layihələrini müzakirəyə çıxarıb və qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti