Azərbaycan, Bakı, 17 dekabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri şeyx Həməd bin Xəlifə Al Taniyə və Vəliəhdi şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubları ünvanlayıb.
"Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Qətər münasibətlərinin inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız bundan sonra daha da genişlənərək xalqlarımızın rifahına xidmət edəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına sülh və rifah arzulayıram", - Qətər Əmirinə ünvanlanan məktubda deyilir.
"Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Qətər dostluğu və əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu bayram günündə Sizə və qardaş xalqınıza ən xoş arzularımı yetirirəm", - Qətər Vəliəhdinə ünvanlanan təbrikdə bildirilir.