Azərbaycan, Bakı, 26 dekabr /Trend/
Azərbaycanın Aktaudakı Baş konsulluğu tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Manqistau vilayətində fəaliyyət göstərən iyirmidən çox milli mədəni cəmiyyətləri özündə birləşdirən və yaradılmasında Azərbaycan diasporunun aktiv fəaliyyəti olmuş "Xalq Həmrəyliyi" İctimai birliyinin 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Aktau şəhər akimi (meri) Janbırşin Edil Tekerbayoğlu, Manqistau vilayətində fəaliyyət göstərən milli mədəni mərkəzlərin rəhbərləri və nümayəndələri, vilayət Ağsaqqallar şurasının üzvləri, "Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası"nın (ABİA) rəhbərliyi və üzvlər, azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin üzvləri, ictimaiyyət nümayəndələri, yerli və mərkəzi kütləvi informasiya vasitələri nümayəndələri, azərbaycanlı tələbələr iştirak etmişlər.
Tədbirin açılışında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının dövlət himnləri səsləndirildi.
Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov tədbiri açaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən təsis olunmuş və dünyanın müxtəlif ölkələrində yaşayan çox saylı azərbaycanlıları birləşdirən - "31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü" haqqında məlumat verdi. O, müasir dövrdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən Respublikamızın xarici siyasəti və qazandığı nailiyyətlərdən danışaraq, xaricdə yaşayan azərbaycanlılara Azərbaycan hakimiyyətinin dövlət qayğısından danışdı.
Aktau şəhər akimi (meri) Janbırşin Edil Tekerbayoğlu çıxışında Qazaxıstanda yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi həyatında fəal iştirakları haqqında, xüsusi ilə Manqistau vilayətində neft-qaz sənayesinin yaradılması və inkişafında azərbaycanlıları rolundan danışaraq, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında genişlənməkdə olan əlaqələrdə Qazaxıstanda yaşayan azərbaycanlıların xüsusi rolu olduğunu bildirdi.
Daha sonra "Xalq Həmrəyliyi" İctimai birliyinin sədri Şaxşayev Yusif Abduraxmanoviç, Manqistau vilayət akiminin (qubernatorunun) müşaviri, Ağsaqqallar şurasının sədri Ozqanbayev Omurzak, Qazaxıstanın tanınmış elm və ictimaiyyət xadimi Rzaxanov Omurzak, Aktau şəhərinin fəxri sakini Cəmil Həbibov, digər milli mədəni mərkəzlərin sədrləri və Aktau şəhərinin tanınmış ictimaiyyət nümayəndələri çıxışlar edərək, içtimai birliyin yaranması və azərbaycanlıların "Dostluq" milli mədəni mərkəzinin oynadığı roldan danışdılar və Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədovu "Xalq Həmrəyliyi" İctimai birliyinin 20 illik yubiley medalı ilə təltif etdilər.
Çıxışlardan sonra Baş konsulluq tərəfindən 2012-ci il ərzində həyata keçirilən tədbirlərdə fəal iştirak etmiş, il ərzində Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin inkişafında və Baş Konsulluğun işinə yardım göstərmiş dövlət qurumlarına və diaspora təşkilatlarına, fəal azərbaycanlı tələbə gənclərə Baş Konsulluğun və Azərbaycanın Qazaxıstandakı Biznes İnvestisiya Assosiasiyasının Fəxri fərmanları və hədiyyələri təqdim olundu.
Tədbirdə həmçinin Qazaxıstan Jurnalistlər İttifaqının üzvü Natalya Zadereskaya tərəfindən yazılmış "Xalq Həmrəyliyi" İctimai birliyinin 20 illiyinə həsr olunmuş və Manqistau vilayətində yaşamış və hal-hazırda yaşayan azərbaycanlıların fəaliyyətləri geniş işıqlandırılmış kitabın təqdimatı keçirildi.
Tədbirin ikinci hissəsində Manqistau vilayətində yaşayan azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin "Qarabağ" ansamblının ifasında Azərbaycan musiqiləri, həmçinin Qazax rəqs ansanblının, rus, Ukrayna, Dagıstan xalqları və yəhudi milli mədəni mərkəzlərinin müsiqi kollektivlərinin ifaları nümayiş olundu.