...

Litvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub (FOTO)

Siyasət Materials 28 Dekabr 2012 11:14 (UTC +04:00)
Azərbaycan Respublikasının Litvadakı səfirliyi ölkəmizin Litvada daha geniş tanınması istiqamətində silsilə tədbirlərin keçirilməsi ənənəsini davam etdirir.
Litvada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub  (FOTO)

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Azərbaycan Respublikasının Litvadakı səfirliyi ölkəmizin Litvada daha geniş tanınması istiqamətində silsilə tədbirlərin keçirilməsi ənənəsini davam etdirir.

Litva turizminin 20 illiyinə həsr olunmuş ilin yekun təqdimatında sözün əsl mənasında Azərbaycan öz dəst xətti ilə seçilmişdir. Baltik dövlətlərində yayımlanan nüfuzlu televizya kanallarından Baltik Televiziyasının (BTV) canlı efirində Litva dövlət turizm departamentinin təşkilatçılığı ilə Litva turizminin 20 illiyi təntənəli şəkildə qeyd edilmişdir. 500 nəfərin iştirak etdiyi 4 saatlıq canlı efir zamanı turizm sahəsində fəaliyyət göstərən ən yaxşı yerli və xarici qurumlar mükafatlandırılmışdır.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tədbir iştirakçılarına video müraciəti səslənmiş, Azərbaycan və Litva arasındfa təşəkkül tapmış dostluq əlaqələrinin hər bir sahəni, həmçinin turizm sektorunun da əhatə edildiyi xüsusilə vurğulanmışdır.

Xatırladaq ki, Eurovision 2012 mahnı müsabiqəsində Litva Azərbaycan təmsilçisinə ən yüksək 12 bal vermişdir. Müsabiqədən sonra Səbinə Babayeva litva ictimaiyyətinə təşəkkürünü bildirmiş və ilk fürsətdə Litvaya gələcəyini vəd etmişdir. Bu görüntülərdən sonra səhnəyə çıxan müğənni Səbinə Babayeva musiqi nömrəsi ilə iştirakçıları təbrik etmiş, qarşılıqlı dəstəyin ənənəyə çeviriləcəyinə ümid etdiyini bildirmişdir.

Həmçinin, Azərbaycan mədəniyyət və turizm nazirliyinin və Səfirliyimizin iştirakçılara xüsusi hədiyyəsi sürpriz olaraq təqdim olunmuşdur. Turizm sahəsində fəaliyyət göstərən 4 nəfər Azərbaycana bir həftəliyinə səyahət ilə mükafatlandırılmışlar.
Qeyd etmək istərdik ki, bir növ Turizm Oskarı olan bu tədbir Litvada ən yüksək reytinqli televiziya proqramları arasında yer almışdır.

Səfirliyimiz Dünya azərbaycanlılarının həmrəylik gününü böyük coşqu ilə qeyd etmişdir. Vilnüsün məşhur mehmanxanalarından olan Holiday İnn mehmanxanasının böyük zalında Litvanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın, Litva Seymində Azərbaycanla dostluq qrupunun üzvləri olan millət vəkillərinin, tələbə-gənclərimizin, litvalı dostlarımızın iştirakı ilə həm ziyafət verilmiş, həm də geniş konsert proqramı təşkil edilmişdir. Tədbirdə çıxış edən Səfir Həsən Məmmədzadə soydaşlarımızı təbrik etmiş, diaspor qurumlarını daha fəal olmağa, adət və ənənlərimizi qoruyub saxlamağa, Litva cəmiyyətində daha layiqli təmsil olunmaları üçün fəaliyyət göstərməyə çağırmışdır.

Tədbirdə eyni zamanda, Litva Azərbaycanlı Gənclər Təşkilatı təqdimat mərasimi təşkil edilmişdir. Xatırladaq ki, AYOL Litvada təhsil alan azərbaycanlı tələbələri, eləcə də bu ölkədə yaşayan gənc soydaşlarımızı özündə birləşdirir. Qısa zaman əvvəl yaranmasına baxmayaraq, AYOL artıq Litvanın öndə gələn QHT-ləri ilə, Litva ictimai-siyasi qüvvələrin gənclik qurumları ilə, eləcə də Azərbaycanın bir sıra gənclər təşkilatları ilə əməkdaşlıq edir, müxtəlif tədbirlər keçirir.

Təqdimat mərasimində, AYOL-un üzvləri olan gənclərimiz, soydaşlarımız, əməkdaşlıq etdiyi qurumların fəalları, Litva ali təhsil ocaqlarının nümayəndələri, Litva Seymində Azərbaycanla dostluq qrupunun üzvləri, millət vəkilləri iştirak etmişlər. Səfir Həsən Məmmədzadə öz çıxışında, AYOL-un yaranması və uğurlu fəaliyyət göstərməsi ilə əlaqədar təbrik etmiş, Azərbaycan və Litva arasında dostluq münasibətlərinə gənclər təşkilatlarının da öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirmişdir. Sonra, Litva Seymində Azərbaycanla dostluq qrupunun rəhbəri millət vəkili Yuras Pojela çıxış etmiş, öz təbriklərini çatdırmışdır. Dostluq qrupunun artıq 47 üzvü olduğunu qeyd edən litvalı deputat bu rəqəmin daha da artması üçün çalışdıqlarını bildirmişdir.

Bayram şənliyi və təqdimetmə mərasimi ziyafət və konsert proqramı ilə davam etdirilmişdir.

Konsertdə Səbinə Babayeva, Ülviyyə Rəhimova, "Eurovision 2011" Litva iştirakçısı Saşa Sonq, "Eurovision 2012" Litva iştirakçısı Donatas Montvidas, "Funky" qrupu öz ifaları ilə tədbir iştirakçılarına xoş dəqiqlər yaşatmışlar. Gec saatlara qədər davam edən tədbirdə milli musiqimizin sədaları altında rəqslər edilmiş, soydaşlarımız həsrətlə gözlədikləri bayram şənliyindən zövq almışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti