Azərbaycan, Bakı, 28 dekabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev "Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında" 2012-ci il 11 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Prezidentinə təqdim etsin; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında" qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Qanunda qeyd olunur ki, Azərbaycan Respublikasının Astara rayonunun Ərçivan kənd inzibati ərazi dairəsi tərkibindəki Ərçivan kəndinə qəsəbə statusu verilsin, Ərçivan kənd inzibati ərazi dairəsi Ərçivan qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.