...

İlham Əliyev AMEA prezidenti Mahmud Kərimovla vida mərasimində iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 11 Fevral 2013 17:37 (UTC +04:00)
Fevralın 11-də ölkəmizin ictimaiyyəti tanınmış elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Mahmud Kərim oğlu Kərimovu son mənzilə yola salıb.
İlham Əliyev AMEA prezidenti Mahmud Kərimovla vida mərasimində iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə edilib (İlk xəbər 15:09-da yayılıb)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Fevralın 11-də ölkəmizin ictimaiyyəti tanınmış elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Mahmud Kərim oğlu Kərimovu son mənzilə yola salıb.

Trend-in məlumatına görə, mərhumun cənazəsi Azərbaycan Milli Elmlər Akademiyasının binasında matəmsayağı bəzədilmiş salonda postament üzərində qoyulub. Divardan Mahmud Kərimovun portreti asılıb.

Monitorda mərhum akademikin elmi nailiyyətlərini, AMEA-nın prezidenti kimi keçirdiyi görüşləri, yerli və xarici elmi konfranslardakı çıxışlarını əks etdirən videomateriallar nümayiş etdirilirdi.

Zalda Azərbaycan Prezidenti İlham Əliyevin adından əklillər qoyulub.

AMEA-nın binasının qarşısında da dövlət, hökumət və yaradıcılıq təşkilatları, ali təhsil ocaqları, müxtəlif kollektivlər, o cümlədən respublikanın elmi ictimaiyyəti adından əklillər düzülüb.

Salonda həzin matəm musiqisi səslənirdi. Görkəmli alimin həmkarları, dostları, tanışları, elm ictimaiyyətinin nümayəndələri bu böyük elm təşkilatçısına, ziyalı insana son borclarını verirdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Mahmud Kərimovun vida mərasimində iştirak etmək üçün AMEA-nın binasına gəldi.

Dövlətimizin başçısı görkəmli sənətkarın ailə üzvlərinə, qohum-əqrəbasına dərin hüznlə başsağlığı verdi. Sonra matəm mitinqi oldu.

Matəm mitinqini Baş nazirin müavini Elçin Əfəndiyev açaraq, görkəmli alimin həyat və yaradıcılığından danışdı, onun vəfatının Azərbaycan elmi üçün ağır itki olduğunu bildirdi.

Sonra akademiklər Vaqif Fərzəliyev, Akif Əlizadə, İsmayıl Hacıyev, Əhliman Əmiraslanov, Vasim Məmmədəliyev çıxış edərək böyük alim Mahmud Kərimovun əziz xatirəsinin heç zaman unudulmayacağını vurğuladılar.

Prezident İlham Əliyev mərhumun ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verdi, onlara Tanrıdan səbir dilədi. Akademik Mahmud Kərimovun ailə üzvləri, qohumları mərhumla vidalaşdılar.

Sonra görkəmli alim, akademik Mahmud Kərimovun cənazəsi AMEA-nın binasından qaldırılaraq Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq böyük alim, əsl vətəndaş və gözəl insan Mahmud Kərim oğlu Kərimovun cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti