Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir A.Axundov/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin Əkrəm Əylisli ilə bağlı vəziyətə dair bəyanatını şərh edib.
"Azərbaycanda Əkrəm Əylislinin kitabı ilə bağlı müzakirələr gedir və müxtəlif fikirlər səslənir ki, bu da ölkədə söz azadlığının mövcudluğundan xəbər verir", - Məmmədyarov Dövlət Departamentinin yazıçının əsəri ilə bağlı yaranmış vəziyyət haqqında bəyanatını şərh edib.
"Hesab etmirəm ki, bu, Azərbaycanın imicinə zərbə olacaq. Azərbaycan ölkədə söz azadlığına nail olub", - nazir deyib.
ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland fevral ayının 13-də keçirdiyi ənənəvi brifinq zamanı Əkrəm Əylisliyə dair məsələni, xüsusilə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin yazıçını təhdid etməsini yaxından izlədiklərini vurğulayıb.
Yazıçı ilə bağlı vəziyyət onun "Daş yuxular" əsərinin nəşr olunmasından sonra gərginləşib. Roman ictimai, siyasi və qeyri-hökumət təşkilatları arasında mənfi reaksiya doğurub.
Ötən həftə Prezident İlham Əliyevin sərəncamları ilə Əkrəm Əylisli "Xalq yazıçısı" fəxri adından və Prezidentin fərdi təqaüdündən məhrum edilib.