...

Azərbaycanın hakim partiyasından Əkrəm Əylislini müdafiə edən siyasi qurumlara sərt cavab

Siyasət Materials 14 Fevral 2013 15:46 (UTC +04:00)
Kim yazıçı Əkrəm Naibovun yazdığı bədnam "Daş yuxular" kitabını müdafiə edirsə, onunla bir yerdə duraraq Azərbaycan əleyhinə çıxış edir, ermənilərin anti-Azərbaycan təbliğatında birbaşa iştirak edir və bununla da öz millətinə, dövlətinə arxadan zərbə vurmuş olur.
Azərbaycanın hakim partiyasından Əkrəm Əylislini müdafiə edən siyasi qurumlara sərt cavab

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

Kim yazıçı Əkrəm Naibovun yazdığı bədnam "Daş yuxular" kitabını müdafiə edirsə, onunla bir yerdə duraraq Azərbaycan əleyhinə çıxış edir, ermənilərin anti-Azərbaycan təbliğatında birbaşa iştirak edir və bununla da öz millətinə, dövlətinə arxadan zərbə vurmuş olur. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı İctimai Palata və Ziyalılar Forumu adlanan qurumların Əkrəm Əylislini müdafiə etməsinə münasibət bildirərkən deyib.

Qurbanlının sözlərinə görə, bu gün cəmiyyətdə bəzi adamlar var ki, onlar dolayısı ilə və ya birbaşa Əkrəm Naibovun bədnam kitabını və yaxud onun özünü müdafiə etmək istəyirlər.

"Söhbət onun kitabının milli baxımdan zərərindən gedir. Həmişə ermənilər Azərbaycan xalqına qarşı saxta materiallardan istifadə ediblər və Əkrəm Naibovun da erməni versiyasında yazdığı bu kitab saxta materiallardan ibarət olmaqla bərabər, Azərbaycana qarşı istifadə olunur və olunacaq. O ki, qaldı bunun İctimai Palata, Ziyalılar Forumu deyilən qurumların üzvləri tərəfindən müdafiə olunmasına, bu, əlbəttə yolverilməzdir. Hesab edirəm ki, bu qurumdaklıar da milli maraqları hər şeydən uca tutmağı bacarmalıdırlar", - YAP rəsmisi bildirib.

Qurbanlı hesab edir ki, hansısa siyasi konyuktura xatirinə milli maraqları tapdalamaq olmaz.

"Ancaq təəssüf ki, Ziyalılar Forumu, İctimai Palata adlanan qurumlarda dəfələrlə bu cür halları müşahidə etmişik və bu cür hərəkətlər onların siyasi mahiyyətini, marağını bir daha aydın şəkildə büruzə verir. Bu cür hallar pislənməlidir və cəmiyyət də bu cür hərəkət edənləri pisləyir. Heç kəs siyasi mübarizə naminə milli maraqlara arxa çevirməməlidir. Bu gün müxalifətin radikal qanadında dayanıb müxtəlif adlar altında birləşən, adını Ziyalılar Forumu, İctimai Palata qoyan adamlar dərindən düşünməlidirlər ki, xalq, millət marağı başqadır, siyasi maraq başqa. Milli maraqları siyasi maraqlara qurban verən adamlar cəmiyyətdə heç kim tərəfindən heç vaxt müdafiə olunmayıb. Elə bu yolu tutduqlarının nəticəsidir ki, həmin radikalların nümayəndələri millət tərəfindən demək olar ki, inkar olunub və onlar millətin hansısa bir dəstəyini qazana bilmirlər və qazana bilməyəcəklər", - Qurbanlı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti