...

Azərbaycan deputatları Abdullah Gülün erməni həmkarını təbrik etməsini pisləyiblər

Siyasət Materials 22 Fevral 2013 12:29 (UTC +04:00)
Azərbaycan deputatları Türkiyə Prezidenti Abdullah Gülün yenidən Ermənistan Prezidenti seçilən Serj Sarkisyanı təbrik etməsini tənqid ediblər.
Azərbaycan deputatları Abdullah Gülün erməni həmkarını təbrik etməsini pisləyiblər

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan deputatları Türkiyə Prezidenti Abdullah Gülün yenidən Ermənistan Prezidenti seçilən Serj Sarkisyanı təbrik etməsini tənqid ediblər.

Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov bildirib ki, belə bir fikir işlədilir ki, bu təbrik nəzakət xatirinə edilib: "Ancaq diqqətdə saxlanılmalıdır ki, Ermənistana nə qədər nəzakət göstərilsə, onlar bu nəzakətdən başqa cür istifadə edirlər".

O, eyni zamanda, bu məsələnin üstünə çox getməyin lazım olmadığını deyib. "Buna başqa rakursdan baxmaq lazımdır", - Əsədov deyib. Spiker bəzi beynəlxalq təşkilatların Ermənistanda keçirilən seçkilərin ölkə tarixində ən ədalətli seçkilər olduğu barədə verdiyi bəyanata münasibət bildirib. "Hələ seçkilərin tam nəticələri bilinmədiyi halda, həmin beynəlxalq təşkilatların belə yüksək qiymət verməsi bizi ehtiyatlandırmalı, daha diqqətli olmağa vadar etməlidir", - spiker deyib.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, saxta keçən seçkilərin nəticəsinə görə Türkiyə Prezidenti Abdullah Gülün Serj Sarkisyanı təbrik etməsini təəssüflə qarşılayır.

"Bizdə məsəl var - uman yerdən küsərlər. Rusiya Prezidentinin təbrik göndərməsinə etiraz edə bilmərəm, çünki hamı bilir ki, Ermənistan Rusiyanın forpostudur, lakin Türkiyə Prezidentinin belə addımı anlaşılmazdır", - o deyib.

Deputat Fərəc Quliyev isə bildirib ki, bu məsələyə kifayət qədər münasibət bildirilmədir, ictimai təşkilatlar tərəfindən müzakirə olunmalıdır.

Deputat Fazil Mustafa da bu təbrikdən təəssüfləndiyini bildirib. Lakin o qeyd edib ki, bunu Türkiyə əleyhinə kampaniyaya çevirmək düzgün deyil: "Bu, Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti