Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycan Demokrat Partiyası El Hərəkatının yaradılmasını müxalifətin aktivləşməsi deyil, passivləşməsi, ictimai rəyin dağılması, yeni ziddiyyətlərin meydana gəlməsi kimi dəyərləndirir. Bunu Trend-ə El Hərəkatının təsis edilməsinə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
"El Hərəkatının əsas ideyalarından biri guya müxalifəti bir araya gətirməkdir. Əgər bütün qüvvələri bir araya gətirmək missiyasını yerinə yetirirlərsə, onda bəs yeni təşkilatın yaradılmasına nə ehtiyac var idi? Görünür, burada müstəqil tərəf kimi çıxış etmək niyyətləri gizlənir", - Cəlaloğlu deyib.
O hesab edir ki, Azərbaycan müxalifətinin bir araya gəlməməsinin başlıca səbəbi hamının öz şəxsi ambisiyasını kənara qoya bilməməsidir.
"El Hərəkatı da bir tərəf kimi çıxış edəcək. İndiyə kimi onsuz da müəyyən fikir ayrılıqları var idi, müəyyən uzlaşma alınmırdı, deməli, bundan sonra daha bir problem yaranacaq", - ADP sədri vurğulayıb.
O qeyd edib ki, nə qədər müstəqil mövqe varsa, bir o qədər də problem var. "Yeni qurum yaranıbsa, o yeni bir iddia ortalığa qoyacaq və istər-istəməz yeni problemlər ortalığa çıxacaq", - Cəlaloğlu deyib.