...

Vaqif Məmişov Söyün Sadıqovu ifşa etdi

Siyasət Materials 6 May 2013 17:35 (UTC +04:00)
"Son günlər Azərbaycanda fəaliyyət göstərən bəzi kütləvi informasiya vasitələrində Söyün Sadıqovun Gürcüstan azərbaycanlılarından ibarət gənclər hərəkatının yaradılması ilə bağlı guya tərəfimdən hərəkata kömək göstərilməsi və fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar həqiqətəuyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edən yazıları dərc edilib".
Vaqif Məmişov Söyün Sadıqovu ifşa etdi

Azərbaycan, Bakı, 6 may /Trend/

"Son günlər Azərbaycanda fəaliyyət göstərən bəzi kütləvi informasiya vasitələrində Söyün Sadıqovun Gürcüstan azərbaycanlılarından ibarət gənclər hərəkatının yaradılması ilə bağlı guya tərəfimdən hərəkata kömək göstərilməsi və fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar həqiqətəuyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edən yazıları dərc edilib". Trend-in məlumatına görə, bunu Azərbaycanlıların Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov mətbuata müraciətində deyib.

"Azərbaycanlıların Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin bütün üzvləri cəfəng dolu həmin yazılarda əks olunanları və Söyün Sadıqovun son dövrlərdə nəinki bu istiqamətdə atdığı addımları, bütövlükdə azərbaycanlılara və müstəqil Azərbaycan Respublikasına, onun dövlətçiliyinə qarşı məntiqsiz, arqumentsiz açıqlamalarını qətiyyətlə pisləyir. Gürcüstan azərbaycanlılarının adından danışmağa mənəvi haqqı olmayan Söyün Sadıqov doğulduğu rayonda, bölgədə maddi cəhətdən qayğıya ehtiyacı olan insanlara kömək etmək əvəzinə öz məkrli niyyətlərinə, ambisiyalarına çatmaq üçün bu gün onları siyasi avantüralara sürükləməyə cəhd edir", - Məmişov müraciətdə bildirib.

Onun sözlərinə görə, Söyün Sadıqov dərk etməlidir ki, Gürcüstanda yaşayan azərbaycanlılar həmin dövlətin vətəndaşları olaraq ölkədə həyata keçirilən islahatlarda fəal iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının irəliyə doğru atdığı hər bir addım, qazandığı nailiyyətlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız kimi onları da ruhlandırır, müstəqil dövlətimizə inamlarını, milli hisslərini və gələcəyə ümidlərini artırır:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasəti daim dəstəkləyən və mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini Sankt Peterburqun ən möhtəşəm sarayında təntənə ilə qeyd etməyə hazırlaşan biz azərbaycanlılar bundan sonra da prezidentimizin ətrafınızda sıx birləşməklə, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün imkan və bacarıqlarımızı səfərbər edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti