Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev
İsrailə bütün qonşu ölkələrlə sülh lazımdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən Cənubi Qafqaz Forumunda çıxışı zamanı İsrailin sabiq Baş naziri və müdafiə naziri Ehud Barak bildirib.
"İsrail Dövləti yarandığı vaxtdan etibarən bir neçə müharibədə, bir çox hərbi əməliyyatlarda iştirak edib. Bu, kifayət qədər çətin vəziyyətdir, çünki bir tərəfdən ölkəmizdə 1,5 milyon qeyri-yəhudi, çox yaxşı vətəndaşlar yaşayır, digər tərəfdən isə bizim ölkəmiz bizə düşmənçilik münasibətləri bəsləyən dövlətlərlə əhatə olunub", - Barak bildirib.
Onun sözlərinə görə, İsraildə yaşayan müsəlmanların bu və ya digər dərəcədə Fələstinlə hər hansı münasibəti var.
"İsraildə vəziyyət ölkədən kənarda baş verən hadisələrin təsiri altındadır. Biz Ənvər Sadatın uzaqgörən siyasəti nəticəsində Misirlə sülhə nail olduq. İordaniyanın mərhum kralı Hüseyn çox əhəmiyyətli addımlar atdı ki, bunun da nəticəsində İordaniya və İsrail arasında sülh əldə olundu", - o bildirib.
Bununla yanaşı, Barak təəssüflə vurğulayıb ki, İsrail Fələstinlə sülhə nail ola bilməyib.
"ABŞ-ın sabiq dövlət katibi Hilari Klintonun iştirakı ilə görüşlər keçirilsə də, təəssüf ki, biz nəticə əldə edə bilmədik. Əbu Mazenin (Mahmud Abbas) başçılığı ilə Fələstinin son hökuməti ilə də eyni vəziyyətdəyik. Mən problemin tezliklə həll olunacağına dair xəyallar qurmaq istəmirəm, lakin inanıram ki, qonşularla sülhə nail olmaq üçün cəsarətli olmaq, riskə getmək lazımdır", - Barak əlavə edib.