...

Romada "XXI əsrdə təhlükəsizlik və strategiya: Xəzər kəsişməsi" mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət Materials 16 May 2013 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend/

İtaliyanın ən böyük ali təhsil ocaqlarından biri olan "Roma Tre" Universitetində Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə "XXI əsrdə təhlükəsizlik və strategiya: Xəzər kəsişməsi" mövzusunda konfrans keçirilib.

Səfirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbiri açan universitetin prorektoru Vinçenzo Mannino Azərbaycan ilə İtaliya arasında çoxsahəli əlaqələrin mövcud olduğunu bildirib və bu kimi konfransların Xəzər bölgəsində gedən siyasi proseslərlə daha yaxşı tanış olmaq üçün geniş imkanlar yaratdığını qeyd edib.

"Roma Tre" Universitetinin Siyasi Elmlər Departamentinin rəhbəri, professor Françesko Guido Xəzər bölgəsində yerləşən ölkələrin xarici siyasəti haqqında söz açıb.

Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov "Roma Tre" Universitetinin rəhbərliyinə təşəkkürünü bildirərək bu regionda inkişafda olan bir çox mühüm siyasi və iqtisadi proseslərdə Azərbaycanın aparıcı rolu barədə ətraflı məlumat verib.

Müasir dövrdə təhlükəsizlik anlayışının tədricən inkişafı barəsində danışaraq ABŞ-ın Yel universitetinin professoru Colion Xovart ABŞ-ın son zamanlar Avrasiya miqyasında, xüsusən də Xəzər və Cənubi Qafqaz bölgələrində yürütdüyü təhlükəsizlik siyasəti barədə öz fikirlərini konfrans iştirakçılarına çatdırıb.

Konfransda, həmçinin Azərbaycan Diplomatik Akademiyasının dosenti Elnur Soltanov, İtaliyanın ENI enerji şirkətinin Hökumətlərlə Əlaqələr üzrə Departamentinin baş eksperti Maria Sancermano, Milandakı Siyasi və Beynəlxalq Tədqiqatlar İnstitutunun elmi işçisi Matteo Verda və Romadakı Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Nona Mikelidze məruzələrlə çıxış ediblər. Öz çıxışlarında ekspertlər Azərbaycanın apardığı xarici, təhlükəsizlik və iqtisadi siyasəti, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və indiki vəziyyəti, Xəzər bölgəsi ölkələrinin enerji siyasətinin müqayisəli təhlili, irimiqyaslı transregional layihələrin inkişaf perspektivləri və bölgənin dəyişməkdə olan təhlükəsizlik mənzərəsi haqqında söhbət açıblar.

Tədbir zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılıb və mövzu ilə əlaqədar müzakirələr aparılıb. Tədbirdə "Roma Tre" Universitetinin müəllim və tələbələri, İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin və mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti