...

Yunanıstanın Baş naziri Heydər Əliyev Mərkəzində olub (FOTO)

Siyasət Materials 19 May 2013 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend /

Azərbaycanda səfərdə olan Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras mayın 19-da Heydər Əliyev Mərkəzində olub.

Yunanıstan Respublikasının Baş nazirinə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin Mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsinə xidmət edən layihələr həyata keçirir.

Qeyd olunmuşdur ki, Mərkəz dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmişdir. Nadir memarlıq nümunələrindən biri olan, müasirliyi özündə dolğun ehtiva edən və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz artıq dünya memarlığı siyahısına daxil edilmişdir. Burada rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.

Burada qonaq "Azərbaycan inciləri" sərgisi ilə də tanış olmuşdur. Bildirilmişdir ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Qədim sənət növlərinin, xüsusilə də Azərbaycan xalçaçılıq məktəbinin ən nadir nümunələrinin əks olunduğu sərgidə misgərlik məmulatının təqdimatı da xüsusi maraq doğurur. Qədim musiqi alətlərimiz orijinal qaydada - səsli formada təqdim edilir. Milli geyimlərimizin, qədim sikkələrin təqdim olunduğu sərgidə tolerantlıq ünvanı kimi tanınan Azərbaycanda müxtəlif dinlərə aid müqəddəs kitablar da ziyarətçilərin diqqətinə çatdırılır.

Mərkəzin "Mini Azərbaycan" sərgi zalı ilə də tanış olan qonağın diqqətinə çatdırılmışdır ki, bu layihə Bakıdakı və regionlardakı tarixi memarlıq abidələrinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu layihə çərçivəsində 24 tarixi binanın və memarlıq nümunəsinin maketi təqdim edilir. Ziyarətçilərə hər bir bina, onun memarlıq üslubu haqqında məlumatlar, maraqlı faktlar çatdırılır.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi də Yunanıstanın Baş nazirində böyük maraq doğurmuşdur.

Qonağın diqqətinə çatdırılmışdır ki, Muzey ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilmişdir. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar, foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir.

Burada materiallar iki paralel kontekstdə verilir. Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar verilir. Muzeyin "Şəkillərə həkk olunan ömür", "Azərbaycanın ictimai-siyasi həyatı", "Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz" bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.

Muzeydəki 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillər də qonağın marağına səbəb olmuşdur.

Bildirilmişdir ki, Muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda ulu öndər Heydər Əliyevin digər dövlət başçıları ilə görüşlərinin və Ümummilli Liderə təqdim olunan hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda Ümummilli Liderin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.

Sonda qonağa xatirə hədiyyəsi təqdim olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti