...

Əli Həsənov: Gələcək nəsilləri elə yetişdirməliyik ki, hakimiyyət mexanizmini, dövləti onlara həvalə edəndə narahat olmayaq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 May 2013 17:23 (UTC +04:00)

İlk xəbər saat 14:30-da yayılıb

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.Mehdiyev/

Gənclərin timsalında Azərbaycan dövlətinin gələcəyini görürəm. Gələcək nəsilləri elə yetişdirməliyik ki, sabah hakimiyyət mexanizmini, dövləti onlara həvalə edəndə narahat olmayaq və bu gənclik dövlətimizin, millətimizin gələcəyini bizdən daha yaxşı idarə etsin. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin birgə təşkil etdiyi "Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu" mövzusunda seminarda çıxışı zamanı deyib.

PA rəsmisi qeyd edib ki, bu, sözün əsl mənasında ciddi məsuliyyət yaradır: "Azərbaycanın həyata keçirdiyi gənclər siyasətinin təməlində bu dayanır. Azərbaycan respublikasının gənclər siyasəti ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb. Ümumiyyətlə, Azərbaycanın bütün ictimai-siyasi istiqamətləri və digər həyati əhəmiyyətli strategiyaları Heydər Əliyev tərəfindən qoyulub".

Əli Həsənov Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəldiyi dövrdə baş verən prosesləri xatırladaraq həmin illəri anarxiya dövrü kimi xarakterizə edib: "Həmin illərdə milli düşüncəli gəncləri düzgün təşkilatlandıran insanlar olmalı idi. Təəssüf ki, 1991-93-cü illərdə Azərbaycan gəncliyi düzgün istiqamətləndirilmirdi, tərbiyə olunmurdu, enerjisindən, potensialından, intellektindən və fiziki imkanlarından səmərəli istifadə olunmurdu. Təəssüf ki, həmin illərdə bəzi qüvvələr gəncləri silahlandıraraq, qruplara bölərək öz məqsədləri üçün istifadə edirdilər. Faktiki olaraq Azərbaycan gəncliyi ayrı-ayrı partiyaların çərçivəsində kimlərinsə siyasi iddiasını reallaşdırmaq məqsədi ilə mübarizəyə qoşulmuşdu. Mübarizənin istiqaməti, amalı isə bəlli deyildi. Dövlət strukturları Azərbaycan gəncliyinin nəzarət altında olması təəssüratı yaradırdı, amma əslində belə deyildi".

PA rəsmisinin sözlərinə görə, gəncliyimiz tam olaraq taleyin ümidinə buraxılmışdı: "Belə bir təəssürat yaradılmışdı ki, sanki gənclik nəyinsə uğrunda mübarizə aparır, çarpışır. Ona görə 1994-cü ildə Heydər Əliyev ilk növbədə daxili sabitliyi, qanunçuluğu, dövlətçiliyi və gənclik siyasətini dövlətin əsas istiqaməti olaraq ortaya qoydu. Həmin dövrü yaxşı xatırlayıram. Əlbəttə, ümummilli liderimizi hakimiyyətə Yeni Azərbaycan Partiyası gətirmədi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi Azərbaycan xalqının, Yeni Azərbaycan Partiyasından olan və ya olmayan, siyasətə qoşulan və yaxud da qoşulmayan hər kəsin tələbi və dəstəyi ilə baş verdi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra YAP-ın qabaqçıl düşüncəli, səriştəli, qabiliyyətli üzvlərini hakimiyyət strukturlarında yerləşdirdi və Yeni Azərbaycan Partiyası Heydər Əliyevin simasında və ətrafında iqtidar partiyasına çevrildi. Beləliklə, Heydər Əliyev bütün xalqın tələbi və dəstəyi ilə hakimiyyətə gəldi".

Həsənov deyib ki, Yeni Azərbaycan Partiyasının gənclərinin timsalında gələcəyin ictimai-siyasi məsələlər şöbəsinin müdirini, nazirlərini, nazir müavinlərini, icra hakimiyyətlərinin başçılarını və digər dövlət məmurlarını görür: "Çünki Yeni Azərbaycan Partiyası hakimiyyəti təhvil verməyə hazırlaşmır. Ona görə ki, xalq İlham Əliyevi dəstəkləyir, onun siyasətini təqdir edir. Builki seçkilərdə də siz gənclərin iştirakı və dəstəyi ilə cənab İlham Əliyev növbəti dəfə prezident seçiləcək, qarşıdan gələn 5 ildə də sizin iştirakınızla Azərbaycan dövlətinin idarəçiliyini həyata keçirəcək. Ona görə də siz gənclər özünüzü hakimiyyətdə görün və bu istiqamət üzrə də fəaliyyətinizi qurun. Qarşıdan gələn illərdə hər biriniz bizləri əvəz edəcəksiniz, yaxud yeni strukturlarda təmsil olunacaqsınız. Yəni indidən sizdən fərqli düşünənlərlə səmərəli və obyektiv dialoq aparın. Onları inandırın ki, Azərbaycanın yolu bugünkü iqtidarın siyasi xəttidir. Bu gün İlham Əliyevin hansı siyasətinə alternativ var? Yoxdur. Bu seçkini də siz gənclərin köməyi və dəstəyi ilə beynəlxalq standartlara uyğun, şəffaf keçirəcəyik və haqlı olduğumuza görə də qalib gələcəyik".

PA rəsmisi bildirib ki, bəzi dövlətlərin büdcəsinə bərabər vəsait Azərbaycanda gənclər siyasətinin formalaşmasının həyata keçirilməsinə ayrılır: "Bu vəsait başqa yerə xərclənə bilməzmi? Ancaq bundan vacib sahəmiz yoxdur. Bəzən digər düşərgədən yaşıdlarınız fərqli düşünürlər. Bunlar da bizim gənclərdir. Sizə opponent olan gəncləri özünüzdən təcrid etməyin. Məsələn, mən hansısa tədbirə gedəndə qarşıma çıxan müxalifət partiyalardan olan funksionerlərlə də görüşürəm. Dərhal o, iqtidardan gileylənməyə başlayır. Mən isə müxalifətdən gileylənmirəm. Əksinə, onun iqtidardan gileyləndiyi arqumentlərə əsaslı şəkildə cavab verərək, müxalifətçinin dediklərinin əsassız olduğunu, fikirlərinin subyektivliyə söykəndiyini, obyektiv olmadığını sübut etməyə çalışıram. Ona görə bunu edirəm ki, hər bir insan istər-istəməz qəlbində ədalət hissinə malikdir. Sonrakı dövrdə o şəxs mənim arqumentlərimi mütləq şəkildə təhlil edəcək və ədalətli mövqeyə qayıdacaq".

Həsənov gənclərə olduqları kimi görünməyi, öz dəyərlərinə uyğun yaşamağı da tövsiyə edib: "Məsələn, avropalılar üçün dəyərlər-centlmenlik öz baxışlarına uyğundur. Fransız kimi görünmək, onlar kimi yemək yeməyə çalışmayın. Hansısa fransız centlmen düşüncəsini öz yanaşması ilə xarakterizə edir. Siz elə deyilsinizsə, o cür olmağınız vacib deyil. Bizim elə dəyərlərimiz var ki, avropalılar heç vaxt bu dəyərləri qazana bilməyəcəklər. Böyüyə-kiçiyə hörmət, qadınlara əxlaqlı münasibət, onların yerini bilmək. Gedin Avropaya və onların ictimai nəqliyyatındakı davranışlarına baxın. Avropada nəqliyyatda bir kişinin qadına yer verməsi ayıb sayılır. Yaxud da ABŞ-da avtobusda bir qadına oturmaq üçün yer təklif etsən, sənə fərqli baxar və düşünər ki, onun nə məqsədi var? Ailə mədəniyyətimizdə isə tamamilə fərqli gözəl və özəlliklər yer alıb. Avropada isə hərənin bir açarı var. Bu bizim üçün fərqli görünsə də, onlar üçün dəyərdir. Məgər avropalılar bunları etmək istəmirlər? İstəyirlər, amma edə bilmirlər. Əvvəla bunu etmək üçün ailə tərkibi kasaddır".

Həsənov bildirib ki, Azərbaycanda 18 yaşa qədər olan əhalinin sayı 3 milyon 600 mindir. Bu, təxminən ümumi əhalinin 38 faizi edir. 29 yaşa qədər olan əhalinin sayı 50 faizə yaxındır. 35 yaşa qədər olanların sayı isə 65 faizdir: "Bizdə nəsillərin bir-birinə öz təcrübəsini vermək imkanları da genişdir. Məsələn, valideynlərim, mən və övladlarım bir-birimizə təcrübəmizi ötürük. Çünki birgə yaşayırıq. Avropada necədir? Övlad 18-20 yaşa keçdisə, sərbəst həyat tərzinə başlayır. O övladla nəinki nənə-baba, valideynin də əlaqəsi itir. Bu baxımdan öz dəyərlərimizi qorumalıyıq və gələcək nəsillərə ötürməliyik".

PA rəsmisi təəssüf edir ki, Azərbaycanın bəzi yazıçı və şairləri hələ də nümunəvi Azərbaycan gəncinin obrazını ortaya qoymayıb: "Bu yaxınlarda yazıçılardan biri ilə mübahisə zəminində dedim ki, siz yüzlərlə əsər yaza bilərsiniz, amma hansı əsərinizdə nümunəvi Azərbaycan gəncinin obrazı var ki, gələcəkdə bu əsərə baxıb kino çəkilsin və gələcək nəslin tərbiyəsində təbliğat kimi istifadə edilsin. Azərbaycan gəncliyi bu nümunəni verməlidir".

Həsənov deyib ki, indiki gənclər təxminən müstəqilliyimizlə yaşıddırlar: "Yəni gənclərimiz indiki dövrün, cəmiyyətin övladlarıdır. İndiki uşaqları necə böyüdürüksə, ona da layiqik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti