...

Qırğızıstanda 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib

Siyasət Materials 30 May 2013 18:25 (UTC +04:00)
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.
Qırğızıstanda 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib

Azərbaycan, Bakı, 30 may /Trend/

Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Qırğız Respublikası Jogorku Keneşin (Parlament) vitse-spikeri Bodoş Mamırova, Prezident Aparatının şöbə müdiri Mira Karıbayeva, Azərbaycan-Qırğızıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Kurmanbek Dıykanbayev və deputatlar, mədəniyyət, turizm və informasiya naziri Sultan Raev, nazir müavinləri, dövlət komitələrinin, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Qırğız Respublikasında akkreditə olunmuş səfirlik və nümayəndəliklərin başcıları, ictimai-siyasi xadimlər, soydaşlarımız, xarici ölkələrin və yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri və digər ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə acan Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması, inkişafı və süqutunun səbəblərindən danışmışdır. Diqqətə çatdırılmışdır ki, parlament respublikası olan AXC bütün islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət kimi tarixə düşmüşdür. Diplomat demişdir ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etmişdir və artıq dünyada böyük nüfuz sahibidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan səfir demişdir ki, Azərbaycanın müstəqilliyinin bərpası ilə Ermənistanın ölkəmizə təcavüzü təxminən eyni vaxta təsadüf etmiş, torpaqlarımızın 20 faizi qonşu işğalçı dövlət tərəfindən zəbt olunmuş, bir milyon adam öz doğma torpaqlarından didərgin düşmüşdür. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi dörd qətnamə hələ də kağız üzərində qalır və işğalçı Ermənistan beynəlxalq ictimaiyyətə "meydan oxumaqda" davam edir.

Qeyd olunmuşdur ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Ermənistanın Azərbaycana təcavüzü dayandırılmışdır. Ulu öndərin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə köklü islahatlara başlanmışdır.

Diplomat demişdir ki, ümummilli lider Heydər Əliyevin apardığı siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, iqtisadiyyatımız güclü inkişaf yolu tutmuşdur, ölkəmiz müstəqil siyasət yeridir və bütün məsələlərdə öz milli maraqlarından çıxış edir. Səfir qeyd etmişdir ki, Qırğızıstan Prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına xüsusi təkan vermişdir və münasibətlərimiz durmadan daha da inkişaf edəcəkdir.

Tədbirdə cıxış edən Qırğız Respublikasının xarici işlər nazirinin müavini Ernies Otorbaev Respublika Günü münasibət ilə Azərbaycan xalqını təbrik etmiş, ölkələrimiz arasında əlaqələrin inkişafından danışmışdır: "Azərbaycan bu gün yüksək sürətlə inkişaf edir. Artıq iyirmi ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü yaşayır, ölkənin iqtisadiyyatı yüksək templə inkişaf edir və Azərbaycan Respublikası MDB məkanında və regionda iqtisadi lideridir". Həmçinin nazir müavini Azərbaycanın Qırğızıstana yeni səfiri təyin olunduqdan sonra ikitərəfli və çox tərəfli münasibətlərdə canlanma hiss edildiyini xüsusilə vurğulamışdır.

Tədbir ziyafətlə davam etdirilmiş, Qırğızıstan konservatoriyası simli kvartetin ifasında klassik musiqilər səsləndirilmiş və Qırğız Respublikasında akkreditə olunmuş ölkələrin və yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti